Beheştinin Şəriəti barədə fikirləri
Fikrimcə, Əli Şəriəti barədə ən insaflı fikirlər Ayətullah şəhid Beheştiyə məxsusdur.
Müxbir: Dr. Şəriəti ilə tanışlığınız nə vaxtdan başlayır? Bu haqda xatirələriniz varsa, buyurun.
Şəhid Beheşti: Bismillahir rəhmanir rahim. Mərhum Dr. Şəriəti ilə ilk tanışlığım 1349-cu (miladi 1970) ilə təsadüf edir. Həmin ilin yayında Məşhəddə cənab Xamenei, mərhum Dr. Şəriəti və bəzi digər şəxslərlə bir neçə görüşümüz oldu, məsələlər və ehtiyaclar ətrafında söhbət etdik. Həmin vaxtlarda İslamın fikri mövqelərini sistemləşdirməyə maraqlı olan bir qrup şəxs görüşlər keçirir və gördükləri işlərin xülasəsini bir məcmuədə toplayırdılar. Keçirdiyimiz o məclislərdə hərdən din ətrafında da müzakirələr gedirdi; lakin əsasən Doktorla İslam hərəkatı, onun həmin dövrdəki şəraitdə olan ehtiyacları və həmçinin hərəkatın gələcəyi barədə həmsöhbət olurduq. Hər halda yaxşı və faydalı görüşlər idi. Ondan sonra da yenə müzakirə və söhbət görüşlərimiz oldu. Xüsusilə Doktor Tehrana gəldikdə, hərdən fikir mübadiləsi və söhbət üçün imkanlar yaranırdı.
Müxbir: Dr. Şəriətinin təfəkkür tərzi və əqidəsi haqqında fikrinizi bildirərdiniz.
Şəhid Beheşti: İslamın işığında və İslam təlimləri əsasında əsl bir hərəkat və inqilabın meydana gəlməsini istəyirdi, bu işə böyük sevgi və maraq göstərirdi. Gənc nəslə çox böyük dəyər verirdi, onların əzab və ağrılarına yaxşı bələd idi, onların ideal, arzu və dərdlərinin ifadəçisi ola bilirdi. Hər halda o, dəyərli bir sərmayə idi. Əlbəttə, dediyim kimi, Doktor bir axtarışda olan yolçu idi ki, bu axtarış yolunda, İslami və ictimai qavrayışlarında bəzi məqamlarda nəzərəçarpan səhvləri var idi və Doktorun əsərlərini oxuyarkən bu nöqtələrə diqqət yetirmək lazımdır.
Müxbir: Dr. Əli Şəriətinin İslam İnqilabındakı rolu nə idi?
Şəhid Beheşti: Doktor bir neçə həssas il ərzində İslami və inqilabi mühitdə təsirli bir həyəcan yaratdı, təhsilli, coşğulu və hissiyyatlı gənc qüvvələri əsl İslama tərəf cəlb etməkdə qurucu rol oynadı və bir çox qəlbləri İslam İnqilabı ilə həmrəy etdi. Bu inqilab və cəmiyyət bu təsirli rolun qədrini bilməlidir.
Müxbir: Son sual olaraq buyurun, o vaxt Mücahidini-Xalqın Dr. Şəriəti haqqında fikri nə idi?
Şəhid Beheşti: O vaxtlar Mücahidinlə əlaqəsi olan gənclər tez-tez gəlir, İrşad Hüseyniyyəsinin fəaliyyətini və Dr. Şəriətinin fikirərini tənqid edir, bunun gənclərin inqilaba və silahlı qiyama – hansı ki, Mücahidin və Xalq fədailərinin tezi idi – yönəlməsinin qarşısını almaq və onu zəiflətmək üçün İslam inqilabının əleyhdarları tərəfindən yaradılmış bir cərəyan olduğunu deyirdilər. Bura qədər, öz prinsipləri və baxışlarına əsasən Doktorun fəaliyyətinə və o proqramlara qarşı idilər. Onlar Doktoru bir növ yayındırıcı hərəkət hesab edirdilər. Yanımıza gələn gənclərin ifadə etdikləri fikirlər bundan ibarət idi.
