Səfirin Xatirələri / 2

Fransada hicabı və islamı müdafiə edərək, səfirə çevrilən tələbənin hekayəsi
Müəllimə görə mənim ən mühüm meyarım
Etibarlı bir neçə universitetə qəbul olmaq fürsətim var idi. Onlardan ən mühümü ENSAM Paris (Sənaye Mühəndisliyi institu) idi. Ensam, çox mötəbər milli imtiyazlı mühəndislər məktəbidir. Buraya çox bacarıqlı və çalışqan tələbələri qəbul edirlər. Qəbul etdikdən sonra da, onları hər cür şəraitlə təmin edirlər.
Zehnimdən min-bir fikir keçirdi və bu da mənim istəyimi daha da artırırdı. Ensam tələbəsi olacağım üçün çox sevincli idim. Zənnimcə, tələbələrin elmi göstəricilərini təyin etmək üçün universitet sisteminin mövcudluğu olduqca təqdirdə layiqdir. Magistrlik dissertasiyası üzrə təlimatçı müəllimim mənə bir məktub göndərərək onunla görüşməyimi istədi. O zaman Tours şəhərində idim və fransalı bir ailə ilə yaşayırdım. Demək olar ki, onların qızlığı kimi idim. İki gün sonra üçün gediş-gəliş bileti aldım.
Parisə bir saat olardı ki, çatmışdım. Ensam universitetinin qapısının önündə idim. Ensam universiteti qədim, ancaq gözəl bir binaya sahib idi. İçəri daxil oldum. Bir neçə dəqiqə sonra, mühafizə bölməsindən aldığım bələdçi xəritəsi ilə dissertasiyası üzrə təlimatçı müəllimimin otağına çatdım. Çox soyuq təbiətli bir xanım idi. Qapını döydükdən sonra, son dərəcə ədəblə içəri daxil oldum. Təbəsüm edərək salam verdim. Hər halda, belə bir təhsil ocağında tələbə olduğum üçün olduqca sevincli idim. Ona görə də, müəllimin sərt görünüşü təbəssümü dodaqlarımdan əskildə bilmədi. Müəllim təəccüblü baxışlarla məni başdan-ayağa süzdü və bir anlıq sükutdan sonra salamımın cavabını aldı. Məndən oturmağımı istədi. Təxminən on saniyə sükut içində keçdi. Məndən bir sual soruşacağını gözlədim. Baxmayaraq ki, onun məni qəbul etdiyinə dair hər şeydən məlumatım var idi. Mənim təhsil sahəsində keçmişi özündə ehtiva edən məlumatlarım əlində idi. Ancaq, mən hər şey xüsusunda, o cümlədən elmi bacarığım və təhsil səviyyəm xüsusunda rahat idim. Buna görə də, onun məndən sual soruşmasını gözləyirdim. Nə kimi hədəflərim var, zehnimdə nə kimi fikirlər var, necə nəticəyə çatacağım xüsusunda verilə biləcəyini ehtimal etdiyim sualların cavabını öncədən hazırlamışdım. Sevinc içində dialoqumuzun başlamasını gözləyirdim ki, müəllim əli ilə mənim üst-başıma işarə edərək dedi: “Sən universitetə bu şəkildə gəlmək istəyirsən?”
Hər növ sualın veriləcəyinə ehtimal verirdim, ancaq doğrusu bu sualı gözləmirdim! Belə bir sualın cavabını öncədən fikirləşməyə ehtiyac da yox idi. Buna görə də, heç tərəddüd etmədən “əlbətdə” deyə cavab verdim.
Telefonun dəstəyini götürdü və zəng etdi. Dəstəyi yerə qoyduqdan sonra, zahirdə qətiyyən fransalıya oxşamayan, ancaq jest və hərəkətlərində fransalı olduğunu biruzə verən bir kişi otağa daxil oldu. Mənə salam vermək üçün əlini uzatdı. Əllərimi bir-birinin üzərinə qoyub üzrxahlıq etdim və ona müsəlman olduğumu və əl ilə salam verə bilməyəcəyimi izah etdim. Sonradan anladım ki, həmin şəxs rəis müavinidir və özü də mərakeşli müsəlmandır. Bəzi insanlar avropalı olmasalar da, özlərini avropalılardan da daha avropalı aparırlar. Həmin cənab, xanım müəllimlə birlikdə otaqdan çıxdılar. Bir neçə saniyədən sonra xanım müəllim otağa daxil oldu. Cənab, olduqca qəribə bir insan idi. Buna görə də, onun mənim müəllimim olmadığına görə Allaha şükr etdim. Xanım müəllim şəxsim barədə bir şey soruşmadan dedi: “Mən birlikdə işləyə biləcəyimizi düşünmürəm. Xüsusən, sən özün də bu şəkildə universitetə gəlməkdə israrlısan. Bu mümkün deyil! Özü də, Ensamda!”
Bir neçə dəqiqə öncə başımda olan vəlvələlər, səs-küy və təlatümlər bir anın içində sükuta qərq oldu, ancaq indi isə qəlbimin fəryad və etirazlarını eşidirdim.
Ayağa qalxdım. Mənim üçün çox çətin anlar idi. Ancaq, yenidən ona təbəssüm edərək dedim: “Mən doktorantura diplomunu almaqdan çox əqidəmi qorumağı üstün tuturam.” Dedi: “Necə istəyirsən!”
Qatarla, qaldığım şəhərə qayıdarkən zehnimdə bu fikirlər dolanırdı ki, bu ölkədə təhsil həddi və elmi bacarıq nə qədər önəmli və mühüm bir məsələdir. Ancaq, mənim üçün isə, saçlarımın görünməməyi daha önəmli və mühüm idi. Boğazımda qəhərin nə üçün düyünləndiyini anlamırdım. Öz-özümə dedim: “Sənə nə olub axı?!Əgər özünün belə qəbul etmədiyin bir sözü yersiz şəkildə demisənsə, bu bir yalan idi. Yox əgər, dediklərini qəbul edirsənsə, yersiz yerə narahat olursan. Orada sən və müəllimlə yanaşı, Allah da var idi. İnşallah hər nə baş versə xeyirdir!!”
Bir həftə sonra, Angers universitetinin CPNI labaratoriyasına adımı yazdırmaq üçün Angers şəhərinə yollandım.