İmam Xameneinin söz və göstərişləri niyə maksimum şəkildə yayılmalıdır?
“Hədəf nə olmalı və ona necə çatmalı?”
İmam Xameneinin söz və göstərişləri niyə maksimum şəkildə yayılmalıdır?
Təkmilləşmək, kamala çatmaq, səadət və xoşbəxtçilik əldə etmək hər bir insanın hədəfidir. Bu, Allah tərəfindən bütün insanların fitrət və zatında yerləşdirilmiş bir məsələdir. Yer kürrəsində qeyd olunanları əldə etmək istəməyən insan tapmaq mümkün deyil. Hətta hər şeydən bezmiş və özünə qəsd edən insan belə xoşbəxtçiliyini ölümündə gördüyü üçün intihara cəhd göstərir. Daha dəqiq desək, əslində, insanlar arasında bu barədə fərqliliyə səbəb olan məsələ hədəfləri deyil, təkmilləşməyə, səadət və xoşbəxtçiliyə səbəb olacaq amillərin təyinidir. Yəni insanı bu deyilən ortaq hədəflərə çatdıra biləcək amil hansıdır? Pul, yoxsa pulsuzluq (zöhd)? Məşhurluq, yoxsa gizlilik? İnsanlara dost gözü ilə baxmaq və onları sevmək, yoxsa onları düşmən olaraq dəyərləndirmək və nifrət etmək? Sayılan bu kimi hallar çoxdur. Əslində insanlar onları hədəfə çatdıracaq amil və vasitələrin təyinində bir-birindən fərqlənirlər, hədəfin özündə yox. Bəs bu suallara necə cavab tapa bilərik və hədəf uğrunda həqiqi vasitənin nədən ibarət olduğunu necə anlaya bilərik?
Bu hissi insanın fitrətinə yerləşdirən uca Allah, insanları bu çaşqınlıqdan çıxarmaq üçün də yol düşünməli idi və düşünmüşdür də. Dinlərin peyğəmbərlər vasitəsi ilə insanlara təqdim olunma səbəbi də, məhz bundan ibarətdir. Dinlərin əsas missiası “Hədəf nə olmalı və ona necə çatmalı?” - sualına cavab verməkdən ibarətdir. 124 min peyğəmbər (ə) insanların bu fitri hissinə, hava və su kimi ehtiyac duyduqları bu suallarına cavab vermək, onları çaşqınlıqdan çıxarmaq üçün təmənnasız olaraq səy göstərsələr də (Şüəra 109), insanların nankorcasına olan rəftarlarına, təhqiramiz reaksiyalarına tuş gəldilər (Həcc 42). Peyğəmbərlərdən sonra bu vəzifəni məsum imamlar öz öhdəsinə götürdü. Təəssüf ki, onlar da öz növbəsində vəfasızlıq və xəyanətlə üzləşdilər. İnsanlar, elə onların öz xeyrinə olan (Səbə 47) bu həssas vəzifəni və öhdələrinə götürmüş müqəddəs şəxslərin qədrini bilmədilər və onlara qarşı vəzifələrini düzgün icra etmədilər deyə onları bir-bir əldən verdilər. Bütün bu şəxsiyyətlərin hədəfi bu sualı cavablandırmaq idi:
“Necə təkmilləşməli və xoşbəxt olmalı?”
Onlar, yeganə kamil varlığın Allah olduğunu və insanın təkmilləşməsinə yeganə səbəbin də, məhz Ona yaxınlaşmaq olduğunu bildirirdilər. Onlar, insanın bu hədəfinə təsirli ola biləcək hər məsələ barədə fikir söyləyir, təklif irəli sürür və dinin insanın səadətiylə bağlı olan hər bir məsələdə söz sahibi olduğunu irəli sürürdülər.
Tarix bunu göstərir ki, bu ilahi şəxsiyyətlərin uğur qazanmasına düşmən tərəfindən böyük maneələr yaradılmışdır. Kimdir düşmən? Bu ilahi şəxsiyyətlərin təqdim etdiyi yolları öz mənafelərinə zidd hesab edib, hədəfi və ya hədəfə gedən yolu dəyişənlər. Tarix boyu ilahi şəxsiyyətlərlə mübarizə aparanlar, məhz bu düşüncəyə malik olanlar olmuşlar. Bir tərəfdən düşmənin fəaliyyəti, digər tərəfdən isə özlərini haqq cəbhəsində görənlərin fəaliyyətsizlikləri, bu ilahi şəxsiyyətlərin öz hədəflərinə çatmalarını gecikdirirdi.
Hazırda qeyb dövründə yaşayırıq və bu, dosta da, düşmənə də bəllidir. Niyə qeyb? Düşmənlərin fəaliyyəti, dostların fəaliyyətsizliyinə görə. Bütün ilahi şəxsiyyətlərə qarşı törədilən cinayət və zülmlərin intiqamını alacaq, yer üzünü ədalətə qərq edəcək və bununla da insanların hədəflərinə doğru maneəsiz və ya az maneə ilə hərəkət etməsinə şərait yaradacaq sonuncu şəxsiyyət qorunmalı idi. Elə bu səbəbdən də gözlərdən itdi. O, həyatdadır və elə buna görə (həyatda qalsın deyə) də, gözlərdən gizlindədir. Onun missiası da sələfləri kimi insanların hədəfə düzgün formada çatmasını təmin etməkdən ibarətdir və O, bu işi buludun arxasında olmasına baxmayaraq öz təsirini bağışlayan günəş kimi icra edir. O, gözləyir! İnsanların Ona ehtiyaclı olduğunu anlamalarını gözləyir, “O olmadan mümkün deyil”, - nəticəsinə çatmalarını gözləyir. Gələcəyi zaman Onu düşmənlərindən qoruya biləcək fərdi və ictimai qüdrətə sahib olmalarını gözləyir. Vəzifəsini icra etməkdə Ona yardım edəcək kadrların hazırlanmalarını gözləyir. O, bizi gözləyir, biz də Onu.
Belə olan halda bizə düşən nədir? Bizdən öncəkilərin “fəaliyyətsizlik” adətini kənara qoymaq, anlamaq, vəzifəmizi tanımaq və layiqincə icra etmək! Zühurun intizarında olmağın ən dəqiq mənası da, məhz budur. Əks halda, gəlməyəcək. O, Allahın geridə saxlamışı, sonuncu höccətidir və şərait hazır olmazsa gəlməz. İstəsə də buna Allah izn verməz. Şərait olmadan gələcəkdisə, qeybə niyə çəkildi? Şərait olmadığına görə qeybə çəkilən birinin, şərait hazır olmadan gəlməsi məntiqlidirmi? Deməli, iş bizə düşür və Onun gəlişi bizim əlimizdədir.
40 il bundan öncə ümmətin səssizliyinə və fəaliyyətsizliyinə dur deyən bir müctehid meydana çıxdı. Bütün bunları dərindən anlamış, vəzifəsini düzgün təyin edə bilmiş, güclü əzm və iradə ilə bu yolda addımlamışdı. Onun hədəfi, bizi hədəfə çatdıra biləcək yeganə şəxsiyyətin üzə çıxması, meydanı Onun gəlişinə hazırlamaq və qeyd etdiyimiz şəraiti yaratmaq idi. O, mövcud şəraiti düzgün analiz edərək anladı ki, Onun üzə çıxmasına maneçilik törədən iki əsas amil var. Biri düşmənin fəaliyyəti, digəri dostun fəaliyyətsizliyi. Odur ki, hər iki problemi həll etmək, yəni düşməni geri çəkilməyə vadar etmək, dostları isə inkişafa sövq etmək üçün dövlət yaratdığını elan etdi. Çünki bilirdi ki, Onun qeybə çəkilməsi, canının təhlükədə olması və hədəfinin reallaşması üçün kadrların olmamasındadır. Deməli, bu iki iş görülməli idi: Canını qoruya biləcək və hədəfini reallaşdıra biləcək kadrların hazırlanması. O, gözəl anladı ki, dövlət yaradılmasa, hakimiyyət irəli sürülməsə, düşmən bu iki işin görülməsinə heç vaxt izn verməyəcək. O, sonuncu İlahi Höccətin (ə.f) zühuru üçün bunu zəruri bir iş bilirdi. O, bunun üçün Allahını, özünü, xalqını tanıdı və özündə onlara qarşı inam hissi yaratdı. Necə də dəqiq qərar və qüsursuz icra! İmam Xomeyni adlanan bu lider, bütün bunları əliyalın, sözün əsl mənasında heçnəsiz bacardı və ümməti oyadaraq, fəaliyyətə, bunun təbii nəticəsi olaraq isə düşməni geri çəkilməyə vadar etdi.
İmamın zühuru, daha dəqiq desək, insanların sədətə və İlahi qürbə çatmaları üçün 40 il bundan öncə başladılan bu hərəkatın hazırki layiqli lideri isə İmam Xameneidir. O, İslam ümmətini zühur sahilinə doğru yönləndirən şəxsiyyətdir. O, son Höccətin (ə.f) insanları imtahan etməsi üçün bir vasitədir. İnsanlar qeyb dövründə ona tabe olmaqla, eyni hədəflə zühur edəcək İmama tabe olacaqlarını sübuta yetirməlidirlər. Başında məsumun olmadığı quruluş ideal deyil, lakin bu məsələ, adil İmamın nəzərəti altında idarə olunacaq hakimiyyətin özünün zəruriliyinə xələl gətirmir və qeyd olunan həmin ideal quruluşun ideal müqəddiməsidir. Hamılıqla əl-ələ verib, özümüzü və cəmiyyətimizi təkmilləşdirməli və həqiqi liderin gəlişinə zəmin yaratmalıyıq.
Bizim İslam ümməti olaraq ilk vəzifəmiz, qeybdə olan məsum İmamımızı (ə.f) olduğu kimi aşkarda fəaliyyət göstərən adil İmamımızı da daha yaxından tanımaqdan ibarətdir. Onun istədiyi istiqamətdə addımlaya bilməyimiz üçün düşüncə və planlarından xəbərdar olamağımız zəruridir. Çünki o, İslam ümməti üçün plan cızır, biz isə ən yaxşı halda öz ölkəmizlə bağlı plan cıza bilərik. Onları tanıdıqdan və düşüncələri ilə tanış olduqdan sonrakı vəzifəmiz isə göstərişlərinə və tövsiyələrinə əməl edərək, planı üzrə möhkəm iradə ilə addımlamaqdır. İstər bu tövsiyələr fərdi həyatımıza aid olsun, istərsə də ictimai. Yerləşdiyi uca məqamı, sahib olduğu imkanları və fərdi təcrübə, bacarıq, hikmət, mütaliəsini və elmini nəzərə alıb, onu mövcud şəraitdə liderliyə layiq olan ən ideal şəxs olaraq qəbul etməli və həssaslıq nümayiş etdirdiyi məsələlərlə bağlı tövsiyələrini əmr olaraq dəyərləndirməli, önəm verməli və onları “İslam mədəniyyətinin beynəlxalq səviyyədə formalaşması” kimi ali hədəflərə çatmaq üçün diqqət olunması zəruri olan məsələlər kimi qiymətləndirməliyik. Üçüncü vəzifəmiz isə bu şəxsiyyətləri İslam dünyasına tanıtdırmaq, düşüncələrini yaymaq və tövsiyələrinə əməl edərək, həqiqi insan modelini praktiki olaraq insanlara nümayiş etdirməkdir. Bu dediklərimiz İslam ümmətinin liderinə qarşı olan minimum vəzifələrdir. Bu vəzifələr adil İmama qarşı düzgün icra olunacağı təqdirdə, məsum İmamın zühurunun tezləşəcəyinə ümid bəsləmək olar.
Vahid İslam ümməti və İslam mədəniyyətinin yaranacağı günü birlikdə görmək ümidi ilə...
Ruhullah Novruzzadə
06.02.2019
