Ölkə məktəblərində hicab qadağası varmı? Varsa vəzifəmiz nədir?
Allah səbr edənlərlədir.
Allahın adı ilə
Hər bir cəmiyyətdə fikir ayrılıqları, narazıçılıqlar, ziddiyyətli qərarlar, rəqabət və düşmənçiliklərin olması təbiidir. Bunun qarşısını almaq demək olar ki, mümkün deyil. Ən münasib yol onların düzgün idarə olunması və ən uyğun yollarla həll olunmasıdır. Belə anlarda insanları nə qeyri adekvat yollara əl atmağa dəvət etmək düzgündür, nə də susub kənarda qalmağa. Hər iki hal təhlükəlidir.
Məktəblərdə hicab qadağası mövzusu illər sonra yenidən gündəmə gəlmişdir. Rəsmi orqanların bu xəbəri təsdiqləyəcəyinə, bölgədə və dünyada davam edən böhranlı vəziyyətin fonunda ölkədə yersiz yerə söz-söhbətə səbəb olacaq bu qərarı verəcəyinə inanmıram. Çünki nə məntiq bunu qəbul edir, nə də siyasi idarəçilik. Bu qərar çox güman ki, ya müəyyən qüvvələr tərəfindən xalqın mövcud iqtidarla əlaqələrinin daha da soyumasına xidmət edir, ya da bu kimi mövzulara bir başa şiələrin etiraz edəcəyini bilən Əhlibeyt düşmənlərini tərəfindən verilmişdir.
Bəs nə etməli?
Bu kimi hallarda ilk iş soyuqqanlılığımızı qoruyub saxlamaq və istər düşmənin, istərsə də düşüncəsiz dostların əlinə bəhanə verməməliyik. Yəni düz ola-ola səhv duruma düşməməliyik.
İkincisi, hər bir şəxs öz növbəsində məsələni sivil yollarla gündəmdə saxlamalı və adiyyatı orqanlarla birbaşa əlaqəyə keçmək ədəbli formada açıqlama istəməli və etirazını bildirməlidir.
Üçüncü isə, ölkədə olan vicdanlı elm, siyasət, din adamlarını diqqətlə izləməli və vəzifələrini müəyyən etməyə çalışmalıdırlar. Bu izləmədə siz həm də bir çox insanları tanımış olacaqsınız. Həm müsbət, həm mənfi mənada. Yox, məqsədim kimisə düşmənə hədəf kimi göstərib, ətrafında birləşmək deyil. Biraz diqqətimizi işə salıb, onların söz və hərəkətlərindən bizə nə demək istədiklərini, bizdən nə gözlədiklərini təyin edib, icra etməliyik.
Bunu da sizə xatırladım ki, ölkədə müxtəlif səbəblərlə ciddi surətdə bu süni maneələri yaradan qüvvələrlə əməkdaşlıq edən sıravi vətəndaşlar mövcuddur. Onları da mütləq nəzərə alın və ehtiyatınızı tutun.
Sonda rəsmi orqanlara üzümü tutub demək istəyirəm ki, dünyəviliyin ilk qaydalarından biri insanların etiraz və narazıçılığını nəzərə almaq, məsələləri demokratik yollarla həll etməkdir. Gecə-gecə xəbərləri paylaşıb, sübh tezdən insanların əhvalını korlamaqla yox. Əgər sizə dünyəvilik lazımdırsa bilin ki, bunu bizim dini dəyərlərimizə toxunmaqla əldə edə bilməyəcəksiniz. Bizim əlimizdə sizi müzakirə çıxarmaq üçün yetərincə mövzular var, amma məsələləri sülh, əmin amanlıq çərçivəsində həll olunmasının tərədarı olduğumuz üçün, xalqımızın zərər görməməsi üçün onlara göz yumuruq və boğazımızda tikan, gözümüzdə çöp olan halda səbr edirik. Bu məsələləri öz qərarınızla verirsinizsə bizi səmimi olaraq qəbul edib, açıqlama verərək, şəffaflıq yaradın. Yox kimlərinsə planlarını bilərəkdən ya bilməyərəkdən icra edirsinizsə sizdən öncəkilərdən ibrət alın. Son illərdə ölkədə dininə görə həbs həyatı yaşayan insanları yəqin ki, diqqətlə izlədiniz. Bilin ki, ölkədə hələ də hicab kimi dini dəyərlərinə görə azadlığından və canından keçməyə hazır olan imanlı və vicdanlı insanlar var. Aldanmayın, belə şeylərin sadəliklə ölkəmizdə reallaşması mümkün deyil!
Ruhullah Novruzzadə
22.09.2026
