Allahşünaslıq (1) - İlahiyyatçı Firuz Yaşaroğlu / Əqaid dərsləri (1)
Əqaid dərsi:
Mövzu 1: “Üsuliddin” elmi barədə
Üsuliddini öyrənmək hər bir müsəlmanın vəzifəsidir. Hər bir ruhaninin, hər bir din xadiminin vəzifəsi budur ki, Quran və hədislər əsasında bizə bəyan edilmiş haqq əqidələri, haqq inancları, doğru və düzgün etiqadları ətrafımızda olanlara çatdıraq. Bildiyiniz kimi, İslam maarifini böyük alimlərimiz 3 əsas hissəyə bölmüşlər:
1. Əqidə
2. Əhkam
3. Əxlaq
Bunların ən əhəmiyyətlisi əqidə, inanclar və üsuliddinə aid olan məsələlərdir.
Əqidə elminin əhəmiyyəti haqqında Quranda çoxlu ayələr, hədislər, kəlamlar vardır. Onlar təkid edir ki, hər bir insan gərək inancını dəlil və sübut, möhkəm arqumentlər əsasında ələ gətirsin. Bu yolda təqlid qəbul olunası deyil. İslam dinində - Quranda və hədislərdə təkid olunub ki, hər bir elm Allah yanında önəmlidir, insan gərək bütün elmləri bacardığı qədər ələ gətirsin. Lakin, bu elmlər arasında İslam maarifi 3 elmə xüsusi əhəmiyyət göstərir ki, bu elmlərdən biri də əqidə elmidir.
Allah Quranın bir çox ayələrində buyurur:
"Bilənlərlə bilməyənlər eynidirmi?"
Təbii ki, eyni deyil. Hər bir insanın elmli, savadlı olması İslam dini nöqteyi-nəzərdən əhəmiyyətə malikdir, hətta Allah Peyğəmbərimizə (s) nazil etdiyi ilk ayə "İqra" ayəsidir (yəni oxumaq lazımdır). Əziz Peyğəmbərimiz (s) məşhur kəlamlarından birində buyurur:
"Elm bütün müsəlman qadın və kişiyə vacib edilmişdir, fərz edilmişdir".
Gərək müsəlman elmli, savadlı olsun. Dünyada olan müxtəlif elmlər arasında ən önəmli elm bizim bəhs etmək istədiyimiz əqidə elmidir. Təbii ki, əhkam və əxlaq elmi də önəmlidir. Lakin bu dərslərdə bizim vəzifəmiz əqidə elmi haqqındadır.
Peyğəmbərimizdən (s) bir hədisi siz dəyərli oxucuların nəzərinə çatdırmaq istəyirik. Bu hədisdə Peyğəmbərimiz (s) bu 3 elmin əhəmiyyətini bizə çatdırır. Həmin hədis Üsuli -kafi kitabının 1-ci cildində, kitabı fəzlul elm babu sifətil elm 1-ci hədisdən ibarətdir. Hədisin bir hissəsinə işarə edirik:
"Peyğəmbərimiz (s) bir gün məscidə daxil olub görür ki, bir dəstə camaat bir nəfəri araya alıblar. Əziz Peyğəmbərimiz (s) insanların bura yığışmasının səbəbini soruşduqda, camaat burda dayanan şəxsin əllamə olduğunu söyləyir (əllamə, yəni çox bilən, savadlı insan). Peyğəmbərimiz (s) buyurur: “siz deyirsiniz ki, bu şəxs əllamədir, savadlı, elmlidir. Bəs o nəyi bilir, savadı hansı sahədədir?” Camaat peyğəmbərə cavabında dedi ki, bu insanların ən savadlısıdır. Ərəbin nəsəbşünaslarındandır, ərəb aləmində, cahiliyyət dövründə nə baş veribsə, hamısını çox gözəl bilir, ərəb şeirlərini hamıdan yaxşı bilir. Peyğəmbər (s) bunu eşidəndən sonra bunların elm olmasını inkar etmədi. Tarix, şeir bilir nəsəbşünasdır, mümkündür ki, insanlar 7 nəsilə qədər ata-babalarının hamısını desin. Əziz Peyğəmbərimiz (s) buyurur: "Amma bunu bilməyən insan heçnə itirməz, bilən insana isə bunun o qədər də faydası yoxdur. Bu elmdir, öz yerində yaxşıdır, amma insanın nə zərərinədir nə də bir o qədər mənfəətinə. İnsan bu elmi bilməsə, həyatında o qədər də mənfi təsirə malik olmayacaq. Və yaxud bunu bilmək bir nəfərin səadətinə, xoşbəxtliyinə o qədər müsbət təsiri olmaz". Bunu deyəndən sonra əziz Peyğəmbərimiz (s) buyurdu: "Elm yalnız 3 qisimdir. 3 elmə həqiqi mənada elm demək olar və insanın həqiqi kamalında, həqiqi səadətində və xoşbəxtliyində təsiri var. Onlardan biri inanclarımız, əhkam-şəri və fiqhi hökmlər və əxlaqi bəhslərdir".
Peyğəmbərimizin bu kəlamına əsasən, alimlərimiz İslam maarifini 3 dəstəyə bölmüşlər:
1.Əqidə və inanclar bölməsi, 2.İlahi hökmlər, halal və haram bəhsi, 3.Əxlaqi rəzilətlər və fəzilətlər ki, bu əxlaq elmində bəhs olunur. Peyğəmbərimizin (s) bu kəlamına əsasən, İslam alimləri İslam maarifini 3 dəstəyə bölmüşlər və bundan əlavə əziz Peyğəmbərimiz (s) bu mətləbi də bizə çatdırır ki, digər elmlər də elmdirlər, yaxşıdırlar, amma əsas elm qeyd olunan bu üçüdür. Bundan qalan elmlər yaxşı və üstünlük hesab olunsa da, onlara həqiqi mənada elm demək olmaz.
Bura qədər bu nəticəyə gəldik ki, Peyğəmbərimizin (s) bu hədisinə əsasən həqiqi mənada elm Allah yanında 3 elmdir, əqidə və inanc elmi, fiqhi, yəni şəri hökmlər və əxlaq. Elə bu baxımdan da biz bu elmlərə əqidə, əxlaq və əhkam elmlərinə çox önəm veririk. Bu dərslərdə bəhs etmək istədiyimiz mövzu əqidə elmidir. Əlbəttə, əqidə elminin bir adı əqidə və inanclar elmidir. Amma bizim alimlərimiz bu elmi “kəlam” elmi kimi də adlandırmışlar. Bu elmin başqa bir adı da “üsuliddin” elmidir. Adlar müxtəlifdir, lakin içərisində bəhs olunan mövzular demək olar ki, eynidir. Kəlam, əqidə, üsuliddin elmində dinin əsasları, bünövrəsi bəhs olunur. Allahşünaslıqdan, Allaha olan mərifətin əhəmiyyətindən, tövhiddən, ədldən, imamətdən, nübuvvətdən və bu kimi məsələlərdən bəhs olunur ki, Allahın köməyi ilə biz də gələn dərslərdə bunların hər biri barəsində geniş danışacağıq.
İşarə olunduğu kimi bu elmin əsas adı üsuliddin elmidir. Üsuliddin “üsul” və “din” kəlməsindən ibarətdir. Burada üsul “əsl” kəlməsinin cəm formasıdır, üsul əslin cəmidir. Əsl ərəb dilində bir şeyin bünövrəsinə, əsasına, kökünə deyilir. Din də lüğətdə müxtəlif mənaya gəlir. Dinin lüğətdə olan bir mənası “cəza” deməkdir. Terminoloji baxımından ikinci mənası “itaət” anlamındadır. Habelə, “şəriət” mənasına da istifadə olunub. Rağib İsfahani özünün “Müfrədat” kitabında 303-cü səhifəsində qeyd edir ki, “din” itaətə və cəzaya deyilir. Sonra buyurur, lüğətdə itaət və cəza mənasındadır və bəzən də şərait içində kinayə olunub deyilir. Quranın özündə də din kəlməsi lüğəti mənalarda istifadə olunmuşdur. Məsələn, gündəlik olaraq “Həmd” surəsində oxuyuruq namazda, 4-cü ayədə "maliki yəumiddin", yəni din gününün maliki, din burda cəza mənasındadır. Çünki Qiyamətdə hər bir insan özünün bu dünyada etdiyi əməllərinin mükafat və cəzasını görəcək. Elə bu baxımdan "maliki yəumiddin" i tərcümə edəndə buyururlar ki, cəza gününün maliki və sahibi.Tövbə surəsinin 33-cu ayəsində başqa bir mənasına işarə olunub ki, burda şəriət mənasında götürülüb. Allah-mütəal buyurur:
"Allah-mütəal öz Rəsulunu hidayətlə, haqq olan dinlə, yəni haqq olan şəriətlə göndərdi ".
Bu ayədə din kəlməsi şəriət mənasında gəlib. Başqa bir ayə də vardır ki, o ayədə din itaət mənasında gəlib. Bu məzmunda çox ayə var, həmin ayənin əvvəlində Allah-mütəal buyurur:
"İnsanlar, imanı kamil olmayanlar gəmiyə minərlər, gəmidə qorxu vardır, dalğalar gəlib, insanlar qorxuya düşəndə Allahı çağırarlar bir halda ki, itaətlərini Ona xalis edərək, xalisanə Allahın itaətini bəyan edərək çağırarlar”.
Bu ayədə də din kəlməsi itaət mənasına gəlmişdir. Bu dinin lüğəti mənasıdır.
Din terminoloji baxımdan nəyə deyilir? Din terminologiyada müxtəlif mənada gəlmişdir. Hər bir dini araşdıran alim bəzən dini elə tərif etmişdir ki, həm haqq dinlərə, həm də batil dinlərə, öz nəzərində tutduğu dinə, məsələn, yəhudi və ya xristian dininə, hətta ilahi olmayan dinlərə, buddizm və bunun kimi dinlərə şamil olur. Amma bizim bəhs etmək istədiyimiz din Əhli-beyt məktəbi əsasındadır. Əllamə Cavadi Amuli özünün "Şəriət dər ayineyi mərifət" kitabının 93-cü səhifəsində belə tərif etmişdir: “Din əqidənin, əxlaqın və bir sıra qanunların toplusundan ibarətdir ki, insanları, ictimaiyyəti, cəmiyyəti idarə etmək və insanı fərd olaraq kamala yetirmək üçün Allah tərəfindən gətirilmişdir”. Bu dinin terminoloji mənasıdır.
