Allahşünaslıq (2) - Ustad Firuz Yaşaroğlunun təqdimatıbnda

Əqaid: İkinci dərs
Əqaid dərsi:
Mövzu 2: Üsuliddin neçədir və hansılardır?
Bəhsimiz İslam əqaidləri və inancları barəsindədir. Biz keçən dərsimizdə üsuliddin elminin əhəmiyyətinə işarə etdik, həmçinin, işarə olundu ki, üsuliddin elminin başqa bir adı kəlam elmidir. Müxtəlif adlarla İslam alimləri kitablar yazmışdır. Həmçinin ötən dərsimizdə qeyd olundu ki, İslam dini bütün elmlərə əhəmiyyət verir, amma bunların kənarında ən önəm verdiyi elm yalnız və yalnız üç elmdən ibarətdir. Onlardan biri həmin usuliddin elmi, ikincisi əhkam, yəni şəri hökmlər elmi, üçüncüsü isə əxlaq elmidir. Keçən dərsimizdə üsuliddin kəlməsinə işarə etdik. Üsuliddin, dinin əsasları və kökləridir. Din kəlməsidə lüğətdə üç mənaya rast gəlmişdi. Biri itaət, ikincisi cəza, üçüncüsü isə şəriət mənasındadır. Bu dinin lüğəvi mənası idi. Lakin dinin terminoloji mənası bir mənalı şəkildə tərif edilməmişdir. Böyük dinşünaslar dini müxtəlif cür tərif etmişdilər. Amma bizim dərslərimiz Əllamə Cavadi Amulinin tərifi əsasında olacaq. Buyurur: “Din cəmiyyəti idarə etmək və insanları mənəvi baxımından təkamülə çatdırmaq üçün inanclar, əxlaq və qanunlar toplusundan ibarətdir”. Yəni o qanunları, o əxlaqlar, o hökmlər insanları mənəvi baxımından təkamülə çatdırmaq üçün Allah tərəfindən nazil edilmişdir. Həmçinin, cəmiyyəti idarə etmək üçün bu qanunlar Allah tərəfindən nazil edilmişdir. Bu qanunların toplumuna biz din deyirik.
Bu günkü dərsimizin sualı budur: Üsuliddin neçədir və hansılardır?
Üsuliddin, dinin əsasları iki mənada nəzərdə tutula bilər. Biri ümumi mənada - hər bir şey Allah-Təala tərəfindən peyğəmbərə göndərilmiş və peyğəmbər bunları insanlara çatdırmışdır. Bizim vəzifəmiz budur ki, iman gətirək, inanaq və bunu biz etiqadımız kimi qəbul edək. Bəqərə surəsinin 285-ci ayəsində buyrulur:
"Allahın Rəsulu (s) Allah tərəfindən ona nazil olunmuş bütün şeylərə iman gətirdi. Həmçinin, möminlər Allaha, Allahın mələklərinə, Allah tərəfdən nazil olunmuş kitablara və Allahın göndərdiyi peyğəmbərlərə iman gətirirlər ".
Üsuliddinin ümumi mənasında Allaha iman gətirməyimiz və tövhidi qəbul etməyimiz haqda geniş danışılacaq. Bütün peyğəmbərlərin peyğəmbərliklərini qəbul edib, məada, İlahi mələklərə, qeyb aləminə, Allah tərəfindən nazil olunmuş səmavi kitablara iman gətirib, eyni zamanda bunlar arasında heç bir fərq qoymamalıyıq. İmanın tərifində bəzən deyirlər ki, iman budur ki, insan peyğəmbərin gətirdiyi hər şeyə etiqad, inanc bəsləsin. Bura bəda, rəccət, məhdəviyyat, mələklər bəhsi də daxil ola bilər. Bizim bəhs etdiyimiz mövzu üsuliddin ümumi mənasında deyil, ikinci mənasıdır ki, burada ancaq və ancaq beş ədəd üsuliddin nəzərdə tutulur. Onlardan biri tövhid, ikincisi ədl, üçüncüsü nübuvvət, dördüncüsü imamət, beşincisi isə məaddır. Bu üsuliddinin xususi mənasıdır. Biz ikinci mənanı qəbul edirik və bu haqda danışacağıq.
Sual: Niyə görə üsuliddin beşdir?
Bəzi alimlər ümumiyyətlə üsuliddini üç bilirlər və bu kitablarında da qeyd olunmuşdur. Hətta üsuliddini dörd bilən də var. Şeyx Səduqun "Əl-hidayət" kitabının dördüncü səhifəsində bir mətləbi qeyd edir ki, bizim üsuliddinimiz dörd dənədir. Onlardan məadı demir. Təkcə tövhidi, ədli, nübuvvəti və imaməti deyir. Niyə görə məadı demir? Məgər Şeyx Səduq məad bəhsini üsuliddindən bilmirmi? Təbii ki, üsuliddindən bilir. Nə üçün bəs buyurur ki, üsuliddin dörddür, lakin məadı zikr etmir? Səbəbi budur ki, ümumiyyətlə məad bəhsi ədl bəhsinə daxildir. Ədalət bəhsinə daxil olduğu üçün onu müstəqil olaraq qeyd etmir. Amma nə üçün daxildir? Şeyx Səduq buyurur ki, Allahın ədaləti əsasında məad isbat olunur. Əqli baxımından məadı isbat etməyin müxtəlif yolları var. O yollardan biri də Allahın ədalətidir. Əgər Allahın ədalətini biz qəbul ediriksə, təbii ki, biz məad aləmini də, axirət aləmini də qəbul etməliyik. Ona görə ədaləti bəhs etdikdən sonra müstəqil olaraq məadı üsuliddindən bilmir. Amma bir çox alimlər o cümlədən şeyx Tusi özünün müxtəlif kitablarında ("Ər rəsaülül əşr" kitabının 103-cü səhifəsində) buyurur ki, bizim usuliddinimiz beş ədəddir. Şeyx Tusi buyurur: “Əgər bir nəfər sizdən imanın nə olduğunu soruşsa, cavabında deyin ki, iman insanın Allahı və Onun Rəsulunu təsdiq etməsidir”. Yəni, Allah və Rəsulunu qəbul etdikdən sonra, Allahın Rəsulu və Allahın haqq olan canişinləri yəni məsum imamlar tərəfindən gətirilən hər şeyə iman gətirmək, təsdiq etmək lazımdır. Bizim kor- koranə Allah vahiddir, əhəddir, şəriki yoxdur deməyimiz qəbul olunmazdır. Bunların heç birisi təqlid üzündən olmamalıdır. Beş ədəd üsuliddinə iman gətirən hər kəs mömindir. Şeyx Tusi işarə edir ki, üsuliddin – tövhid, Allahın ədalətli olmağın qəbul etmək, peyğəmbərlərin peyğəmbərliklərini qəbul etmək, imamət və məad bəhsi. Əziz Peyğəmbərimizdən öncə bütün peyğəmbərlər bizləri üç əsas - tövhid, nübuvvət və məada dəvət ediblər. İmamət və ədl bəhsi demək olar ki, müstəqil olaraq bəhs olunmuyub. Bəs niyə buna üsuliddin deyirik? Əsl üsuliddin üç olsa da imamət və ədl bəhsi önəmli olduğu üçün alimlərimiz bunu üsuliddindən hesab edirlər və onu beş yerə ayırırlar. Üsuliddin əsl mənada üçdür - tövhid, nübuvvət, ədl. Lakin bu iki bəhs - ədalət və imamət bəhsi önəmli olduğu üçün Şeyx Tusidən tutmuş bu günə qədər bütün alimlərimiz üsuliddini beş yerə ayırmışdır. Burda önəmli məsələ üsuliddinlə üsuli məzhəbin fərqidir. Bəzi şeylər var ki, dinin əslidir yəni, bir nəfər bunu qəbul etməsə dindən xaric olar. Əgər bir müsəlman Allahı və Onun birliyini, peyğəmbərimizi, məadı inkar etsə, artıq həmin şəxs islam dairəsindən çıxıb, ona müsəlman demək olmaz o artıq mürtəddir. Bunun fiqhi baxımında özünə məxsus hökmləri var. Amma üsuli məzhəb baxımından bir nəfər bunu qəbul etməsə, inkar etsə bu zaman islam dairəsindən çıxmaz, bu müsəlmandır, lakin məzhəb dairəsindən çıxmış müsəlmandır, belə şəxs artıq əhli-beyt davamçısı demək düzgün olmaz. Məsələn imam Sadiq (ə) buyurub:
“Hər kəs rəcətə inanmasa biz əhli-beytdən deyil”.
Hal-hazırda müsəlman məzhəblərindən bəzi insanlar vardır ki, rəcəti qəbul etmirlər. Biz həmin şəxslərə siz müsəlman deyilsiniz çünki, rəcəti qəbul etmirsiz və yaxud, siz müsəlmansınız deyə bilmərik. Rəcəti qəbul etmədikləri üçün əhli-beyt davamçısı olmadıqları doğrudur. Lakin, hər müsəlmana Əhli-beyt davamçısı demək də düzgün hesab olunmur. Bir nəfər gəlib bədanı inkar etsə və yaxud, bəzi şiə məktəbinə aid olan inancları qəbul etməsə həmin şəxs müsəlman olduğu halda bizim məzhəbdən xaric hesab olunur. Bu çox önəmli bəhsdir. İnsan üsuliddinin neçə olmağını, üsuli məzhəbin nə olub, üsuli dinlə məzhəbin arasında nə kimi fərqlərin olduğunu dərk etməlidir. Buna əsasən üsuliddin və üsuli məzhəb bir-birlərindən fərqlənir. Üsuliddin demək olar ki, üç dənədir tövhid, nübuvvət və məad. Ədalət və imamət bəhsi əhəmiyyətli olduğu üçün alimlərimiz qədim vaxtdan üsuliddin üç yox beş ədəd olduğunu buyurublar. Biz də üsuliddini beş ədəd olaraq qəbul edirik və bu dərslərdə hamısından bəhs edəcəyik. Əvvəl Allah şünaslıq tövhid bəhsi, ədalət bəhsi, nübuvvət bəhsi, imamət bəhsi və məad bəhsi barəsində geniş surətdə danışacağıq.
Bir şeyə başlamamışdan öncə gərək onun əhəmiyyəti barəsində danışaq. Nə üçün biz din barəsində vaxt ayırmalıyıq, bu araşdırmanın sizə, bizə nə faydası var? Nə üçün ömrümüzün cavan çağlarını ayırıb, bu haqda düşünək bu haqda söhbət edək sizdə qulaq asasınız? Yəni din barəsində araşdırma aparmaqda zərurət hardan doğur?
Biz Qurana, hədisə toxunmadan sırf ağıl yolu ilə din barədə araşdırmağın vacibliyini sübuta yetirəcəyik. Buna dəlillərdən biri “ehtimal olunan zərərdən qaçmaq”dır. Ağıl hökm edir ki, insan, onu təhdid edən təhlükədən uzaq dursun, hətta o təhlükə ehtimal olunan olsa belə. Ağılın təsdiqlədiyi ikinci məsələ isə, “nemət verən şəxsin şükrünü əda etmək”dir. Yəni bizə yaxşılıq edən, nemət verən şəxsə qarşı biz minnətdarlıq hissi keçirməliyik. Ağıllı insan cəhənnəmin ehtimal olunan ziyanını nəzərə alaraq bu mövzuları araşdırmalıdır. Eyni zamanda ağıllı insan ona bu nemətləri verən varlığı taparaq, ona şükr etmək istiqamətində bu mövzuları araşdırmalıdır.
Hər bir insan fitrətən haqq tələb edir. Haqq dalınca gedən hər bir insanın zehnində belə suallar vardır “mən hardan gəlmişəm? hardayam? hara gedəcəm və məni kim gətirib?” Əgər biz bu sualları araşdırmasaq deməli, fitrətin sözünə qulaq asmamışıq. Belə ki, hər bir insanın fitrətində haqqın dalınca getmək vardır. Əlbəttə, bu qısa və icbari şəkildə idi. Gələn dərslərdə bunların hər biri barəsində geniş danışacağıq.