Allahşünaslıq (4) - İlahiyyatçı Firuz Yaşaroğlu / Əqaid dərsləri (4)
Əqaid dərsi:
Mövzu 4: Allah barədə araşdırma aparmağın etməyin zəruriliyi (2)
Bugünkü dərsimiz keçən dərsin davamı olaraq din və Allah barəsində araşdırma aparmağın zərurətinin olması haqdadır. Nə üçün biz dinlər barəsində, Allah barəsində araşdırma aparmalıyıq? Bunun insan həyatında nə kimi faydası var? Və bunu bizə vacib edən hansı dəlil və arqumentlər vardır?
Biz keçən dərsimizdə o dəlillərdən birinə işarə etdik. Bu, ehtimal olunmuş zərəri dəf etməyin uzaqlaşdırmaq əqli baxımdan vacib olması idi. Bunu misal olaraq keçən dərsdə izah etdik, artıq buna qayıtmırıq. Amma ikinci bir dəlilə bizim alimlərimiz kəlam, əqaid elmində işarə edirlər.
Din barəsində və xüsusilə də Allah barəsində araşdırma aparmaq vacibdir və bu mətləbin dəlillərindən biri də nemət verənin şükrünün əqli baxımından vacib olmasıdır. Yenə də mən bu əqli dəlili izah etməzdən əvvəl bir misal gətirim. Əgər bir insan tərəfindən bir şəxsə yaxşılıq yetişərsə, onun bir hacətini ödəyərsə, əlindən tutarsa, onun hər hansı bir müşkülünü, problemini həll edərsə, hər bir insan istəyir ki, ən azından dilucu da olsa gərək ona təşəkkür etsin. Əgər insan yaxşılıq edən bir şəxsə təşəkkür etmirsə, əqli baxımdan bu məzəmmət olunmuşdur. Ağıllı insanlar belə bir insanı məzəmmət etmişlər ; “o sənin müşkülünü həll etdi, sənə yaxşılıq etdi, nə olardı sən də ən azından ona bir təşəkkür edərdin”. Bunu biz öz həyatımızda da görürük. Bir nəfər bizə zərrə qədər yaxşılıq etsə insanın vicdanı istəyir ki, ən azından ona “çox sağol, Allah sizdən razı olsun, təşəkkür edirəm” desin. Bu ürfi bir misaldır. İndi gələk bu məsələyə:
Din barəsində bu məsələni necə tətbiq etmək olar və bu məsələnin izahı nədən ibarətdir?
Bildiyiniz dərk edir ki, özü özünü yaratmamışdır, onu yaradan vardır və insan yaranan gündən müxtəlif nemətlərdən bəhrələnir. Birinci nemət insana verilir, hələ biz adını qoymuruq bunu verən kimdir, Allah mütəaldır və ya başqa varlıqdır. Hər halda insan yox idi, vücuda gəldi, onun vücudu bir nemətdir. Vücudundan əlavə onun ətrafında müxtəlif nemətlər var. Bir nemət ana, başqa bir nemət ata nemətidir. Ata və ana övlad üçün misilsiz nemətlərdən biridir. Allah mütəal bu dünyada insana lazım olan bütün nemətləri yaradıb. İnsana xidmət edən müxtəlif meyvələr, bitkilər, heyvanlar. Mənim dediyim dəlil əqli dəlildir amma yeri gəlmişkən Quranın “Bəqərə” surəsinin 29-cu ayəsinə də işarə edim. Allah mütəal buyurur:
"Allah mütəal yer üzündə olan bütün şeyləri siz insanlar üçün yaratmışdır" .
Yerdə olan bütün şeyləri sizin üçün xəlq edib. Yəni yerdə olan bu qədər şey hamısı insan üçündür. Allah mütəal Quranın başqa bir ayəsində buyurur:
"Əgər Allahın nemətlərini saymaq istəsəniz, saya gəlməz".
Diqqət yetirin, mən istəmirəm ki, Quran ayələri ilə bu mətləbi isbatlayım, Allah barəsində mərifət kəsb etmək vacibdir. Bunlar misal idi. İnsan dünyaya gələn gündən müxtəlif nemətlər onu əhatə etmişdir. Hər bir insan az-çox Allahın yaratdığı nemətlərdən bəhrələnir. Bu nemətlər bizə verilib, bunu hamımız qəbul edirik. Əqli baxımdan nemət verənə təşəkkür etmək vacibdir. Bu nemətləri, bu qədər gözəlliyi mən yaratmamışam, bu nemətləri, bu ruzini mənə verən var. Bu ruzini mənə verən, müşküllərimi bu ruzilər vasitəsilə həll edən var. Əqli baxımdan əql hökm edir ki, bu qədər nemətlər, yaxşılıqlar mənə olunursa gərək bu yaxşılıq edəni tapıb ona təşəkkür edim. Yəni bu nemətlərin olması baxımından bizim şəkk-şübhəmiz yoxdur. Ata-ana, meyvələr, bitkilər, heyvanlar nemətdir ki, insanlar bunların hamısından bəhrələnir. Bu nemətlər inkar olunmazdır. Bu neməti də insan özü yaratmamışdır. Ona başqa bir varlıq tərəfindən verilib. Əgər başqa bir varlıq tərəfindən verilibsə, gərək bu nemət verəni tapasan ona şükür, təşəkkür edəsən. Bu nemətlər mənim üçün verilib, verənə şükür etmək əqli baxımdan vacibdir, nəticədə gərək biz araşdırıb, tapıb görək ki, bu nemətləri bizə kim verib, bu ruziləri bizə kim verib, onu tanıyaq və ona təşəkkür edək. Bu da bir dəlildir ki, Allah baxımından din barəsində araşdırma aparmaq əqli hökmə əsasən vacib məsələlərdən biridir. Bu da xülasə şəkildə bir dəlildir.
Başqa bir dəlil də budur ki, hər bir insan fitri baxımdan haqq tələbdir. Hər bir insan öz ağlına, vicdanına müraciət etsə istər-istəməz onu maraqlandıran bəzi suallar vardır. Mən hardan gəlmişəm, bura haradır, mənim sonum nə olacaq, hara gedirəm, nəticədə bu ölümün həqiqəti nədir, ölümdən sonra həyat vardır mı? Bu və bu kimi suallar vardır ki, hər bir insanı maraqlandırmalıdır. İnsanın fitrətən əqli və vicdanı hökm edir ki, bu sualları cavablandırsın. Əgər insan bunları cavablandırmasa elə bil vücudunda boşluqlar vardır. Həzrət Əlinin(ə) də bu məqamda gözəl bir kəlamı var. Buyurur:
"Allah rəhm etsin o insana ki, bilir mən hardan gəlmişəm, hardayam və hara gedəcəyəm".
Həzrət Əli (ə) həqiqətdə burda təşrii baxımdan dua etmək istəmir. Bu mənim öz qənaətimdir. Həzrət demək istəyir ki, hər kəs bu 3 sualı cavablandıra bilsə, Allahın xüsusi rəhmətinə nail olacaqdır. Yəni hər bir insan gərək əqli baxımdan bu sualları cavablandırsın. Mən ki 5, 10, 50 il əvvəl yox idim. Məni kim, nə üçün bu dünyaya gətirdi? Mənim bu dünyada vəzifəm nədir? Və 80 ildən sonra dünyamı dəyişib hara gedəcəm? Ölüm həyatın sonudur yoxsa yox? Bu 3 sualı insan cavablandıra bilsə, həqiqətdə üsuliddinin 3 mühüm bəndini dərk etmiş olur. Hardan gəlmişəm - yəni allahşünaslıq, Allahı tanımaq, məni yaradan kimdir, ona mərifət əldə etsin. Mənim hal hazırda vəzifəm nədir, bu vəzifələri mənim üçün kim bəyan edir; bu da nübuvvətşünaslıqdır, peyğəmbərşünaslıqdır ki, gələcək dərslərdə bu barədə geniş danışacağıq. Və məadşünaslıq, keçən dərslərdə işarə etdik ki, əsl üsuliddin məbdəşünaslıq yəni allahşünaslıq, peyğəmbərşünaslıq və məadşünaslıqdır. Lakin imamət nübuvvətin, ədalət də tövhidin zimnində bəhs olunur. Bu arqumentlərə əsasən, Allah barəsində xüsusilə və dinlər barəsində ümumi şəkildə araşdırma aparmaq əqli baxımdan vacibdir. Buna xatir bizim böyük alimlərimiz, mərcəələrimiz risalələrinin əvvəlində qeyd edirlər ki, üsuliddində təqlid etmək qəbul olunmazdır. Biz keçən dərslərdə də işarə etdik ki, üsuliddin və firuiddin var. Füru məsələlərdə biz təqlid edirik. Dəstəmaz necə alınmalıdır, xüms hansı şəraitdə verilməlidir, hansı şeylərə xüms, zəkat vacibdir, hansı şeylər namazı batil edir. Bunlar füruiddin məsələləridir ki, hər bir insan gərək bu məsələlərdə gərək özü müctehid olsun. Ya gərək o qədər elmi baxımdan ictihada yaxın olsun ki, ehtiyata əməl etsin, bu da çox çətindir. Əgər müctehid deyilsə, ehtiyata da düzgün əməl edə bilmirsə, onun vəzifəsi təqlid etməkdir. Bütün alimlər belə buyurur. Amma üsuli etiqadda, üsuliddin məsələlərində təqlid etmək caiz deyil. Heç bir müctehid bunu qəbul etmir. Bunu da əqli baxımdan isbat edim ki, üsuliddində əqli baxımdan təqlid etmək caiz hesab olunmur. Biz aləmə baxanda,məxsusən indiki zamanda, görürük ki, dünyada müxtəlif dinlər, məktəblər, əqidə sahibləri vardır. Peyğəmbərimiz (s) də buyurub :
"Məndən sonra hətta islamın öz içərisində 73 firqəyə bölünəcəklər. Bunun 72-si zəlalətdə, biri nicat tapandır" .
Bu nicat tapanlar da Peyğəmbərin (s) öz hədislərində bəyan olunmuşdur. Nicat tapmış məzhəb Əhli-beyt məzhəbidir ki, bunun da özünəməxsus dəlilləri vardır. İnkar edə bilmərik ki, hal-hazırda dünyada müxtəlif dinlər vardır. Deyə bilmərik ki, hamısı düzgündür. Necə deyə bilərik ki, biri deyir Allah var, digəri deyir yoxdur. Biri deyir Mühəmməd (s.ə) sonuncu peyğəmbərdir, digəri deyir peyğəmbər deyil. Bu məzhəblərin hamısını qəbul edə bilmərik, gərək bəzilərini və yaxud da birini qəbul edək. O qəbul etdiyimiz bir məzhəb, din, məktəb hansı olmalıdır? Əgər kor-koranə, püşk atmaqla qəbul etsək, fəlsəfədə, kəlam elmində buna buyururlar tərcih bila mürəccihdir. Yəni nəyə əsasən 100 dənə din içərisində mən bu məzhəbi seçdim. Əgər kor-koranə, təqlidi olaraq bu məzhəblərdən birini seçsəm, ona itaət etsəm, o yolla getsəm, buna tərcih bila mürəccih deyirlər. Yəni bir məzhəbi heç bir tərcihi olmadan seçirsən. Amma əgər o məzhəblərdən birini dəlillə, araşdırıb arasında haqq olanı seçsəm, artıq bu araşdırmaq, bu seçmək təqliddən xaric olmaq deməkdir. Əgər təqlid əsasında olsaydı həqiqətdə mən kor-koranə birini seçmişdim. Bir halda ki, Allah mütəal Quranda da buyurur:
"Təqlid etmək düzgün deyil, xüsusən də əqidəvi məsələlərdə".
Zənn güman bizi haqqa çatdıra bilməz. Gərək haqq yolunda araşdırma aparaq, dəlil üzərindən haqqı tapaq. Bu əqli dəlilə əsasən də dinlər barəsində araşdırma vacibdir və təqlid etmək caiz deyil. Bu bir əqli dəlildir. Başqa bir əqli dəlilə də işarə edim ki, təqlid etmək düzgün deyil. Bundan ibarətdir ki, əgər biz müəyyən bir dində təqlid etsək, keçən dərslərdə işarə olundu - dəfi zərər muhtəməl dəlili, o dəlilə həqiqətdə boyun qoymuruq, əməl etmirik. O dəlilin xülasəsi bundan ibarət idi ki, insan gərək din barəsində araşdırma aparsın, haqq dini tapsın, haqq dinə boyun qoysun, haqq olan Allahı tanısın, ona itaət etsin. Əgər araşdırma aparmasa, haqq dini tapa bilməsə, istər-istəməz əqli baxımdan zərərə uğrayacaq, beləliklə, əbədi cəhənnəm onu gözləyir. Bu zərəri özündən uzaqlaşdırmaq üçün insan gərək təqliddən çıxsın. Amma əgər insan təqlid edərək bir dini qəbul etsə, məsələn ata-babam bu dində olub mən də bu dini qəbul edirəm, ata-babam bu məzhəb sahibi olub, mən də kor-koranə onu qəbul edirəm. Əgər bu cür olarsa, həqiqətdə bu dəlilə biz boyun qoymamışıq. O dəlil bizə vacib edir ki, hətta ata-babamız haqq dində olsa belə gərək özümüzün dəlilimiz olsun, özümüz araşdıraq. Ata-babam nəyə görə bu məzhəbin sahibi olub, hansı dəlilə əsasən? Əgər özümüz araşdırmasaq, özümüzün dəlilimiz olmasa bu olur təqlid. Təqlid o dəlilə əsasən ki, dəfi zərəri möhtəməli vacibdir, onu təqlid etmək düzgün hesab olunmur.
Bugünkü dərsimizdə biz iki dəlil gətirdik ki, dinlər barəsində ümumi şəkildə Allah barəsində xüsusi şəkildə, Allah barəsində xüsusi şəkildə araşdırma aparmaq vacibdir və təqlid etmək caiz deyil .
