Allahşünaslıq (6) - İlahiyyatçı Firuz Yaşaroğlu / Əqaid dərsləri 6
Əqaid dərsi:
Mövzu 6: İslamın nəzərində insan
Bugünkü dərsimizdə əqaid elmində allahşünaslıq bəhsinə daxil olmazdan əvvəl, islam baxımından insanşünaslıq haqqında bəzi mətləbləri sizin nəzərinizə çatdırmaq istəyirik. Demək olar ki, bu günkü dərsə qədər bizim bəhsimiz müqəddimə xarakteri daşıyırdı, o cümlədən bugünkü dərsimiz də. Əqaid elmi nədir, üsuliddin nədən ibarətdir, din barəsində araşdırmanın nə kimi zərurəti vardır, kəlam və əqaid elminin mövzusu, tərifi, faydası nədən ibarətdir, bacardığımız qədər sadə şəkildə sizin nəzərinizə çatdırdıq. Bugünkü dərsimizdə istəyirik ki, əsl bəhsə daxil olmazdan əvvəl insanşünaslıq barəsində islam nöqteyi-nəzərindən bir işarə etmiş olaq.
İslam nöqteyi-nəzərindən insan 2 hissədən ibarətdir. Onun bir hissəsi zahiri bədəndir, gördüyümüz cisimdir, digər hissəsi isə ruhudur. Yəni insan yalnız cisim və bədəndən ibarət deyil. Bəlkə də insanın həqiqətini təşkil edən onun ruhudur. Mütəal Allah Quranda da insanın yaranma mərhələlərinə işarə etdikdən sonra buyurur :
"Ona ruh verdikdən sonra Allah-təala özünü tərif edir".
Və Allah Quranın başqa bir ayəsində Peyğəmbərimizə (s) buyurur:
"Ey Mənim rəsulum, səndən ruh barəsində soruşsalar de ki, ruh Allahın əmrlərindəndir. Bu barədə sizə az elm əta olunmuşdur".
Deməli ruh bir həqiqətdir. Başqa bir ayədə Allah buyurur:
"İnsan yaradılanda ona Öz ruhumdan üfürdüm".
Bu baxımdan da bəzi hədislər var ki, hər kəs öz nəfsini, həqiqətini, ruhunu tanıyarsa, belə bir insan təbii ki Allahını, yaradanını da tanıyar. İnsanşünaslıqda islam nöqteyi-nəzərindən birinci məsələ budur ki, bizim inancımıza əsasən, islamın və Quranın buyurduğuna əsasən insan bədəndən və cisimdən ibarət deyil. Əksinə insan bədənin kənarında ruhdan da ibarətdir. Nümunə olaraq Quranın bir ayəsinə də işarə edək. Allah Quranın “Möminin” surəsinin 99-100-cü ayələrində (təbii ki, bu ayə müşriklər barəsindədir, müsəlman olan bir insan qəbul edir ki, Allah, məad, axirət var, bədən ruhdan ayrıldıqdan sonra ruh başqa bir cismə daxil olur, bərzəx aləmindən sonra qiyamət var. Bunları Quran və hədislər əsasında qəbul edir) müşriklərin dilindən deyir:
"Hətta bəzi müşriklərə ölüm gəldikdə artıq onlar dərk edəcəklər ki, ölümün həqiqəti nədir. Bədən ayrıldı, qəbrə qoyuldu. Amma ruh başqa bir aləmə daxil olur, orada sorğu-sual olunub bunları gördükdən sonra belə xitab edər :" İlahi, mən bilmirdim qiyamət var, ölümdən sonra həyat var, məni dünyaya geri qaytar, tərk etdiyim saleh işləri görə bilim". Allah cavabında buyurur : " Artıq gecdir. Peyğəmbərlər, imamlar gəldi, ruhanilər, din alimləri hamısı Quran ayələri əsasında bəyan etdi. Siz bunları eşitdiz, qəbul etmədiz. Artıq gecdir".
Allah bərzəx aləminə işarə edərək bu kimi ayələrdə bizə çatdırır ki, insan cisim və bədəndən ibarət deyil. Cisim öldükdən sonra qəbrə qoyulur, aradan gedir, amma ruhu başqa bir aləmdə yaşayır. Bərzəx aləminə aid olan bir cisimdə yaşayışına davam edir, hətta bu cisim ki çürüyür Allah qiyamətdə onu dirildib gətirəcəkdir. Bu və bu kimi ayələrə əsasən insan 2 hissədən ibarətdir, bədən və ruhdan.
İkinci mətləb islam nöqteyi-nəzərindən hər bir insan fitrətən allahşünasdır. Hazırda dünyada bəzi şəxslər deyirlər ki, mən ateistəm, Allahı qəbul etmirəm. Günəşə, aya pərəstiş edənlər, bütpərəstlər vardır, onlar dildə Allahı qəbul etmədiklərini deyirlər. Amma Quran və İslam nöqteyi-nəzərindən hər bir insanın fitrətində allahşünaslıq vardır. Nümunə olaraq bir ayəyə və əziz Peyğəmbərimizin (s) bir hədisinə işarə edək. “Rum” surəsinin 30-cu ayəsində Allah buyurur:
"Ey Peyğəmbər! Hənif, pak, müqəddəs olan dinə tərəf üzünü yönəlt. Bu din Allah fitrəti əsasında qoyulmuşdur. O fitrət ki, Allah mütəal insanları o fitrət əsasında yaratmışdır".
O fitrət haqda bizim hədislərimizdə İmam Baqir (ə), İmam Sadiq (ə) buyurur:
"Bu fitrət mərifətullahdır".
Yəni Allaha olan mərifət hər bir insanın fitrətində qoyulmuşdur. Peyğəmbərimiz də bu ayə əsasında buyurur ki, hər bir insan islam fitrəti əsasında dünyaya gəlir. Sonradan ata-anası onu yəhudi, xristian, ateist edir. Onun yaşadığı mühit, müəllimi, dostları ona təsir qoyur və onu islam fitrətindən, tövhiddən, mərifətullahdan uzaqlaşdırır. Əgər insan pak fitrət əsasında düşünərsə, öz fitrətinə qayıdarsa, onun fitrətində allahşünaslıq, mərifətullah var. Bu islamın nəzəridir. Mümkündür ki, bəziləri bunu qəbul etməsin, amma bunu vicdanən öz həyatımızda dərk edə bilərik.
Bir nəfər İmam Sadiqin (ə) xidmətinə gəlib dedi:
“Mənə Allahı tanıt, dəlil gətir ki, Allah vardır”.
İmam Sadiq (ə) buyurdu:
“Sən heç gəmiyə minmisən?”
Dedi:
“Əlbəttə minmişəm”.
İmam buyurdu:
“Heç olubmu ki, gəmi təlatümə gəlsin, həlak olmaq vəziyyətinə düşsün, orada sən bir varlığa ümid bəsləyəsən, gəlib sənı nicat versin?”
İmam Sadiq (ə) bilirdi ki, o şəxsin başına belə bir hadisə gəlib. Şəxs dedi:
“Bəli, o halətdə inanmışam ki, bir varlıq gəlib mənə nicat versin”.
İmam buyurdu:
“Həmin varlıq hal-hazırda ki onu qəbul etmirsən, sübutu üçün dəlil tələb edirsən Allahdır, o sənin fitrətində vardır.
Hər bir şəxs təyyarə ilə uzaq məsafəyə gedəndə təhlükə hissi zamanı daxilindən bir hiss gəlir ki, bir varlıq gəlib mənə nicat verəcək. Həmin ümid bəslədiyimiz varlıq Allah-təaladır. Başqa bir ayədə Allah buyurur:
"Gəmiyə minəndə, təlatümə gələndə Allahı xalisanə çağırarlar. Amma Biz onlara nicat verdikddə sahilə çatıb Allahı yaddan çıxarırlar".
İslam dini nöqteyi-nəzərindən allahşünaslıq fitri bir məsələdir və inkar olunmazdır.
İkinci məsələ insanşünaslığa aiddir, islam dini nöqteyi-nəzərindən, xüsusilə Əhli-beyt məktəbi nəzərindən bütün insanlar faili muxtardır, yəni öz əməllərində, işlərində ixtiyar sahibidirlər. Onların iradələri, seçim haqları vardır. Yəni, bir insan düz yolu da seçə bilər, əyri yolu da. Hətta, pak insanlar da günah edə bilərlər, onlar da şeytanın vəsvəsəsinə uyub bu işi görürlər. Yəni, heç bir işdə məcbur deyillər. Baxmayaraq ki, əşərilər məzhəbi insanı öz əməllərində məcbur olduğunu qəbul edirlər, amma əhli-beyt məktəbi deyir ki, nə cəbr, nə təffiz, heç biri düzgün deyildir. Yəni insan bu dünyada istər yaxşı, istərsə də pis işi öz iradəsi ilə görür. Bu baxımdan da Allah mütəal onu mükəlləf etmişdir. Qiyamət günündə bundan sorğu-sual edəcək. Amma əgər insan öz əməllərində məcbur olarsa, təklifin, peyğəmbərləri göndərməyin, qiyamət günündə hesabın mənası yoxdur. Çünki o zaman insan deyə bilər ki, İlahi məcbur idim bu işləri görməkdə. Amma əhli-beyt məktəbi deyir ki, insan məcbur deyil. Əhli-beyt məktəbi Quran ayələri əsasında buyururlar ki, insan bu dünyada etdiyi bütün işlərin müqabilində ixtiyar sahibidir.
“İnsan” surəsi 3-cü ayəsinə işarə edək:
"Biz insanlara hidayət yolunu göstərdik. İnsan istər şükür edən bəndə olub haqq yolu tapsın, istər küfr etsin, haqq yolunu tapmasın, cəhənnəmə getsin. Bu insan öz etdiyi işlərin müqabilində faili muxtardır".
Əlbəttə bunun kimi çox ayə vardır ki, onları cəbr ixtiyar bəhsində geniş danışacağıq. Hal-hazırda bəhsimiz insanşünaslıqdır.
Dedik ki, insan 2 hissədən ibarətdir : bədən və ruh. İnsan fitri baxımdan allahşünasdır. 2-ci məsələdə insanın bu dünyada etdiyi bütün işlərdə ixtiyar sahibi olmasına işarə etdik. 3-cü məsələdə isə insan faili muxtar olduğu üçün etdiyi işlərin müqabilində məsuliyyəti var dedik. Bu məsuliyyətin bir hissəsi Allahın, bir hissəsi özünün, bir hissəsi başqalarının müqabilindədir. Hətta təbiət və heyvanların müqabilində də insanın məsuliyyəti vardır. İnsan bu dünyada tam şəkildə azad deyil ki, hər istədiyini etsin. Hər bir işində məsuliyyət daşımalıdır. Mən fərd olaraq necə olamlıyam? Təqvalı yoxsa təqvasız? İmanlı yoxsa imansız? Şücaətli yoxsa qorxaq? Təvazökar olmalıyam yoxsa təkəbbürlü? Fərd olaraq özünü islah etməlidir. Əgər özümü fəzaili əxlaqi ilə zinətləndirməsəm, rəzaili əxlaqa giriftar olsam, Allah müqabilində də, ictimaiyyət müqabilində də, heyvanların, habelə, təbiətin də müqabilində məsuliyyət daşıyıram.
Allah-mütəal Quranın “Saffat” surəsinin 24-cü ayəsində buyurur:
"Qiyamət günündə bunlara xitab olunub deyilər : Siz bunları saxlayın, gərək bəzi sualları cavablandırsınlar, məsuldurlar, bunlardan sorğu-sual olunmalıdırlar, cənnətə getməməlidirlər. Hətta müsəlman olsa da, hər bir insan etdiyi əməllərin müqabilində məsuliyyət daşımalıdır”.
İnsanşünaslıqda insanın məsuliyyəti Quran və islam baxımından qəbul olunmuş məsələlərdən biridir.
4-cü və sonuncu məsələ budur ki, hər bir insan digər insanlarla bərabərdir, eyni hüquqa malikdir. Ərəblər əcəmlərdən, ağdərili qaradərilidən üstün deyil. İslam bütün insanlara eyni gözlə baxır. Təbii ki, mənəvi kamallar istisna olmaqla. İstər qaradərili olsun, istərsə də ağdərili, İslam üçün hər kəs bərabərdir. Əgər biri təqvasız olarsa, təqvalı olan ondan üstündür. Amma insaniyyət baxımından hər bir insan bərabər olmalıdır. İmam Sadiqdən (ə) belə bir hədis vardır:
“İnsanlar darağın dənələri kimi bərabərdirlər. Necə ki darağın dənələri bir-birindən seçilmir, insanlar da Allah yanında belədir. Bir-birləri arasında fərqləri yoxdur”.
Başqa bir hədisdə əziz Peyğəmbərimiz (s) buyurur:
"Ərəbin əcəmə üstünlüyü yoxdur, ağdərilinin qaradəriliyə, fəhlənin müdürə, sadəcə təqva ilə".
Quranın “Hucurat” surəsinin 13-cü ayəsinə işarə edir:
"Ey insanlar Biz sizi bir kişi və qadından yaratdıq (yəni Adəm və Həvvaya işarə edir). Sizi müxtəlif tayfalara, qəbilələrə ayırdıq. Bunun səbəbi budur ki, bir- birinizi tayfalarla, qəbilələrlə tanıyasız. Lakin insaniyyət baxımından fərqiniz yoxdur, hamınız eyni ata-anadan dünyaya gəlmisiz, əgər istəyirsizsə Allah yanında əziz olasız təqvalı olun ".
Gərək İnsanşünaslıqda bu məsələləri nəzərə alaq.
