Allahşünaslıq (7) - İlahiyyatçı Firuz Yaşaroğlu / Əqaid dərsləri 7
Əqaid dərsi:
Mövzu 7: Allahşünaslıq (1)
Silsiləvi əqidə dərslərində sizləri xoş gördük. Bu dərslərdən öncə əqidə elminin nə olması barədə danışdıq. Üsuli dinin hansılar olduğu, habelə, üsuli dinin bir adının kəlam elmi olduğunu öyrəndik. Kəlam elmi nədən bəhs edir və bu kimi məsələləri lazım olan qədər sizin nəzərinizə çatdırdıq. Bugünkü dərsimiz Allahşünaslıq barədədir. Artıq giriş və müqəddimə dərsləri tamamlandı.
Allahşünaslıq barədə birinci dərsdə sizin xidmətinizdəyik. İsteyirəm bu dərsi Həzrət Əlinin (ə) Nəchül Bəlağəsinin ilk xütbəsində buyurduğu bir kəlamla başlayaq. Həzrət Əli (ə) buyurur: “Dinin başlanğıcı, dinin əvvəli Allaha olan mərifətdir”.
Lakin burada bir sual hər birimizi maraqlandırmalıdır. Quran ayələrində əziz Peyğəmbərin və digər məsumların kəlamlarında Allaha olan mərifət haqqında çoxlu hədislər vardır. İnsan gərək çalışsın Allaha mərifət kəsb etsin. Lakin istəyirəm ki, dərsimə belə bir sualla başlayaq: Həqiqətənmi Allahı tanımaq mümkündür?
Həzrət Əlinin (ə) bu kəlamının əsasında nəinki mümkün deyil, bəlkə Allahı tanımaq vacibdir. Dinin başlanğıcı Allahı tanımaqdır, Allaha olan mərifətdir. Bəs bu sualın mənası nədir? Allahı tanımaq mümkündür yoxsa yox? Bu sual yersiz deyil, səbəbi də budur ki, biz həzrət Peyğəmbərin (s) bəzi kəlamlarına müraciət etdikdə görürük ki, əziz Peyğəmbərimiz buyurur ki:
“İlahi, mən səni lazım olan kimi tanıya bilmədim”.
Bir tərəfdən Quran ayələri, digər tərəfdən Peyğəmbərin özü, imamlar təkid edir ki, gərək Allahı tanımaqda səy göstərəsiniz ki, Allahı tanıyasınız. Digər tərəfdən Peyğəmbər o əzəməti ilə, baxmayaraq ki, əqli kullidir, mərifət baxımından əvvəl şəxs idi, Allahdan mərifəti tam idi, amma buna baxmayaraq Həzrət Peyğəmbərimiz buyurur ki, mən səni lazım olduğu kimi tanıya bilmədim. Başqa bir hədisdə vardır ki, əziz Peyğəmbərimiz (s) Həzrət Əliyə (ə) xitab edərək buyurur:
“Ya Əli (ə) Allah Mütəalı sənin və mənim kimi heç kəs tanıya bilmədi”
Bir tərəfdən Peyğəmbərimiz (s) buyurur ki, səni lazım olan kimi tanıya bilmədim. Digər kəlamında buyurur ki, Ya Əli (ə) Allahı sən və mənim kimi heç kəs tanıya bilmədi. Bu və bu kimi hədisləri cəm edib nəticə almaq istəsək, Allahı tanımaq mümkündür, nəinki mümkündür hətta bizdən istənilib. Əgər dindarı qeyri-dindardan, Allahlını qeyri-Allahlıdan ayırmaq istəsən, ilk başlanğıc Allaha olan mərifətlədir. Hər kəsin Allaha mərifəti varsa, o, dindar hesab olunur, bunu demək olar ki, Allahlı bir insandır. Amma bir kəs ki, Allahı tanımırsa o, dindən uzaqdır, ateistdir və s. Allahı tanımaq mümkündür və bizdən istənilib ki, Allaha mərifət əldə edək.
Bəs Peyğəmbərin (s) bu hədisini necə başa düşək ki, Peyğəmbərimiz (s) buyurub ki, İlahi, mən səni lazım olan kimi tanıya bilmədim. Əgər Peyğəmbər (s) tanıya bilmədisə, digər insanlar məlumdur ki, tanıya bilməzlər. Diqqət yetirmək lazımdır ki, Allah-Mütəal naməhdud bir varlıqdır. Baxmayaraq Allah hər bir yerdə aşkardır. Allah üçün yerdə və göydə olan, hərəkət edən və sabit olan bütün şeylərdə şəhadət vardır. Hamısı şəhadət verir ki, bu aləmin bir yaradanı vardır. Peyğəmbərimizin “mən səni lazım olan kimi tanıya bilmədim” sözü Allahı həqiqi mənada, yəni Allahı əhatə etmək mənasındadır. Allah qeyri-məhdud olan bir varlıqdır. Peyğəmbərimiz (s) nə qədər kamil bir insan olsa da, digər məsum imamlar və digər peyğəmbərlər Allaha olan mərifətdə digər insanlardan üstün olsalar belə Allahı tam olaraq tanıya bilməzlər. Çünki Allah Mütəal qeyri-məhdud bir varlıqdır, Allahdan başqa bütün insanlar, o cümlədən bütün peyğəmbərlər və imamlar, başda bizim əziz Peyğəmbərimiz (s) olmaqla hamısı məhduddur. Məhdud olan bir məxluq heç vaxt qeyri-məhdud olan bir varlığı lazım olduğu kimi tanıya bilməz. O ki, qaldı Peyğəmbərimizin (s) , “ya Əli (ə) heç kim Allahı sən və mən kimi tanıya bilmədi” sözü, bunun mənası budur ki, Peyğəmbərimiz ən kamil bir insandır və kamil insanın mərifəti digər insanlara nisbətdə kamildi.
Həzrət Əli (ə) Peyğəmbərdən (s) sonra ikinci şəxsiyyətdir ki, Allaha mərifəti vardır, lakin Allaha olan mərifəti də imamın, peyğəmbərin öz səviyyələrində, öz dairələrindədir. Allahı tanımaq mümkündür, lakin Allahı tam olaraq tanımaq, onun həqiqəti mahiyyəti nədən ibarət olduğunu bilmək, nəinki biz, hətta böyük alimlər, peyğəmbərlər, imamlar bilə bilməzlər. Allahı tanımaq mümkündür, amma öz həddimizdə. Yəni hər bir insan öz savadı, öz ağlının tutumu qədər Allahı tanıya bilər. Savadsız insan öz həddində, savadlı öz həddində, alimlər öz həddində, imamlar bir az təkamül şəklində, əziz Peyğəmbərimiz kamil şəkildə. Amma mərifətləri olmalarına baxmayaraq yenə də Allahın həqiqətini dərk etmək mümkün deyil. Elə bu səbəbdən də əziz Peyğəmbərimizin bir kəlamı var:
“Allahı məxluq qatında düşünün”.
Yəni Allahı tanınmaq üçün yollardan biri budur ki, məxluqatda təfəkkür edin, lakin bilin ki, bu yaşadığınız aləmin bir yaradanı vardır. Əgər Allahın zatını tanımaq istəsəniz bu qeyri-mümkündür. Ona görə Peyğəmbərimiz təkid edərək buyurur ki, Allahın zatı barədə heç vaxt təfəkkür etməyin. Allahı tanımaqda məqsəd budur ki, hər bir insan Allah-Mütəalı öz həddində tanıya bilər. İnsan öz həddində, imam öz həddində, peyğəmbər isə öz həddində. Amma Allahın həqiqəti, mahiyyətinin nədən ibarət olması həqiqətini nəinki adi insanlar, hətta böyük imamlar, məsum insanlar da tanıya bilməyiblər. Bizdən Allahı onun sifətləri ilə tanımaq, Allaha mərifət kəsb etmək istənilib. Allahı onun sifətləri ilə tanımalıyıq.
Gələn dərslərimizdə sifati sübutiyyə, sifati səlibiyyə, Allahın zatı sifətləri, Allahın feli sifətləri, sifati sübutiyyə ilə sifati sələbiyyənin fərqləri barədə geniş dərslərimiz olacaq, amma Allaha olan mərifət dərsində bunun da yeri var. Yəni Allahın sifətləri ilə biz onu tanıya bilərik. Bu aləmin yaradanı var və bu yaradan gərək alim olsun, hər şeyi bilən olsun, qadir olsun, aciz olmasın, hər bir şeyə qüdrəti olsun, heç bir varlığın müqabilində aciz olmasın, bu aləmi yaradan gərək həyy olsun, onun həyatı olsun. Həyatı olmayan bir varlıq insanlara, təbiətə, heyvanlara həyat verə bilməz. Bu aləmi yaradan müriddir, həkimdir, hikmət sahibidir. Bu aləmi yaradan varlıq heç vaxt cism ola bilməz, heç vaxt zahiri gözlə görünə bilməz və bu kimi xüsusiyyətlərlə Allaha olan mərifət mümkündür. Əvvəla bu mənada biz dərk etməli, qəbul etməliyik ki, bu aləmin, mənim, sənin ətrafımızda olan bütün şeylərin bir yaradanı, bir xaliqi vardır. Bu birinci mərhələ, ikinci mərhələ budur ki, bu aləm üçün bir yaradanın olmasına biz inanaq, etiqad bəsləyək. Bundan əlavə bu yaradan hansı xüsusiyyətlərə malikdir, gərək ona da mərifətimiz olsun. Bu yaradan alimdir, qadirdir, həyy olmalıdır, mürid olmalıdır, müdrik olmalıdır və bu kimi sifati sübutiyyəyə malik olmalıdır. Kəmali sifətlər bu varlıqda olmalıdır. Əlbəttə hal-hazırda bu bir iddiadır.
Allaha olan mərifətdə məqsədin nə olduğunu siz əzizlərin nəzərinə çatdırmaq istəyirik. İlk öncə hər birin isbat edək, Allah Mütəal alimdir, hansı əqli və fəlsəfi dəlillərə əsasən isbat etmək olar ki, bu aləmi yaradan alimdir? İnşallah gələn dərslərdə bu barədə danışacağıq. Hansı dəlilə əsasən bu aləmi yaradan qadiri-mütləqdir, hansı dəlilə əsasən bu aləmi yaradan həyydir, həyata sahibdir, bunların hamısı isbat olunacaq. Biz hal-hazırda iddia edirik ki, Allaha olan mərifətdə məqsəd budur ki, bu aləmin bir yaradanı vardır, xaliqi vardır. Amma bunun da özünün dəlillərə ehtiyacı var. Gələn dərsimizdə Allaha olan hansı dəlillərlə isbatı haqqında danışacağıq.
Hədislərdə vardır ki, Allaha olan mərifətin yolları məxluqatın sayı qədərdir, bütün məxluqatın sayı qədər yollar vardır ki, həmin yollar vasitəsilə hər bir məxluq öz xaliqini tanıya bilər. Buna əsasən Allaha olan mərifətdə məqsəd budur ki, bu aləmin yaradanı olan bir varlığa etiqadımız olsun və bu yaradanın hansı xüsusiyyətləri, hansı sifətləri var və bu sifətlərlə biz onu tanıyaq. Məqsəd budur, amma, desələr ki, Allaha olan mərifətdə məqsəd budur ki, biz Allahın nə olmağın, həqiqətin mahiyyətinin bilək, bu cür mərifət nəinki bizdən istənilməyib və bəlkə əqli baxımdan da qeyri-mümkün olan bir şeydir. Səbəbi də budur ki, yaradan qeyri-məhduddur, heç bir varlıq nə qədər əzəmətli də olsa məhdud olduqları üçün qeyri-məhdud olan o varlığın həqiqətin, mahiyyətin tanıya bilməzlər. Əziz peyğəmbərimiz buyurmuşdur:
“İlahi mən səni lazım olan kimi tanıya bilmədim”.
Burada məqsəd bu mərifət idi. Amma peyğəmbərimizin öz həddində, bütün məxluqatdan ən ali dərəcədə Allah-Mütəala mərifəti var idi.
