Kişinin ailədə vəzifələri (2) - İlahiyyatçı Rüfət Quliyev (11)
Mövzu 11: Kişinin ailədə vəzifəsi (12)
Keçən bəhsimizdə kişilərin ailədəki vəzifələri barəsində danışdıq. Qeyd etdik ki, kişinin ailədə 3 əsas vəzifəsi var. Bunlardan birincisi ailəni iqtisadi cəhətdən təmin etməkdir. Kişinin ailə qurması, evlənməsi onun ailəni iqtisadi cəhətdən təmin etmək vəzifəsini qəbul etməsi anlamındadır. Yəni hər bir kişi ailə qurarkən, evlənərkən bu məsələni anlamalıdır ki, mən bu ailəni iqtisadi cəhətdən təmin etməliyəm. Yaxşı olar ki, hər bir şəxs ailə qurmamışdan öncə bu haqda düşünsün. Bəzən ailə quran şəxslər özləri öz gələcək həyatlarının iqtisadi cəhətdən riskə atırlar. Dəbdəbəli nişan və təmtəraqlı toy məclislərini buna misal göstərmək olar. İnsanlar başqa şəxslər ilə ayaqlaşmaq üçün, eyni zamanda başqalarından utanmamaq üçün borc alır və ya kredit götürərək gələcək ailə həyatlarını çətinləşdirirlər. Pul, mal-dövlət, xonçaların çoxluğu, bər-bəzəkli olması, nişana, toya gələnlərin "bəh-bəh" deməsinin heç biri bizim xoşbəxt ailəyə sahib olacağımıza zəmanət vermir. Üzərinə küllü miqdarda borc yığıb ailə həyatına başlayanlar hələ ilkin illərdən çətinliklə üzləşir, stress içində yaşayır, maddi baxımdan sıxıntı keçirdir, krediti və ya borcu nə vaxt bağlayacağı barədə daim narahat olub evliliyin şirinliyini məhv edirlər. Hər iki tərəf istər qadın, istərsə də kişi bunu anlamalıdır. Bir-birindən yersiz maddi arzuları yerinə yetirməyi tələb etməməlidirlər.
Ailə xoşbəxtçiliyi sədaqət, səmimiyyət, üzərində qurulur. Belə ailədə yaşamağın ləzzəti daha çox olur. Psixoloji cəhətdən daha aram olur. Kişi öz ailəsini əqli və məntiqi cəhətdən təmin etməlidir. Öz ailəsinin rifahını əqli və məntiqi cəhətdən təmin etmək üçün çalışmalıdır. Kişi ailəsinin maddi durumu üçün vəzifələnib. Bu məslədə kişi ailəsinə minnət qoymamalıdır. Yəni "Mən daha çox işləyirəm", "Sən evdə oturmusan" kimi mövzular ailədə yol verilməzdir, belə mövzular barədə düşünülməməli və əsla belə söhbət açılmamalıdır. Hər iki şəxsin istər qadın olsun, istər kişi öz xilqətinə uyğun özünəməxsus zəhmətləri, məsuliyyətləri, öhdəlikləri var. Heç biri o birinə minnət qoymamalıdır. Həqiqətdə həm kişi, həm qadın ailədə ailə üçün zəhmət çəkirlər. Heç biri o birinin zəhmətini yerə vurmamalıdır. Əksinə, çəkdikləri zəhmətləri görməli, bu zəhmətlərin qarşılığında bir-birlərinə təşəkkür edib, bir-birlərinin qədrini bilməlidirlər. Ailədə qarşı tərəfin zəhmətini görmək, ona təşəkkür etmək və onun qədrini bilmək ailənin sütununu qoruyan ən mühüm məsələlərdəndir. Bu haqda biz düşünməliyik. Bu mövzuda biz qəflətə düşməməliyik. Qeyd etdik ki, ilkin mərhələdə kişi öz ailəsinin iqtisadi durumunu təmin etməlidir. Sonrakı mərhələdə əgər kişinin imkanı və şəraiti əlverişli olarsa, ailəsinin rifahını iqtisadi cəhətdən bir az da artırmaq üçün çalışmalıdır. Dini mətnlərdə buna rast gəlinir. Yəni dini mətnlərdə qeyd olunub ki, mömin bir şəxs, ailə başçısı əgər durumu iqtisadi cəhətdən yaxşı olarsa, ruzisi geniş olarsa, öz ailəsinə iqtisadi cəhətdən genişlik bəxş edər. Amma ruzisi az olarsa, durumu o qədər yaxşı olmazsa, durumuna uyğun öz ailəsi ilə rəftar edər. Geniş imkanlara malik olan zamanda durumuna uyğun rəftar eləməlidir. Əlbəttə,qadınlarda öz növbələrində kişilərdən onların maddi cəhətdən imkanları çatmayacaq şeyləri tələb etməməlidirlər. Yaxud da kişilərin, ailə başçısının zəhmətlə qazandığını yersiz və lazımsız yerlərə xərcləməməlidirlər. Zəhmətlə qazanılan şey qorunmalıdı və onun qeydinə qalınmalıdır. Lazımi və məntiqi yerlərdə istifadə olunmalıdır. Kişinin ailəsini iqtisadi cəhətdən təmin etmək məsələsinə dini mətnlərdə də rast gəlinir. Hz.Əlidən (ə) olan bir hədisdə buyurulur: "Hər kişi öz ailəsinin məsuliyyətini daşıyır."
Hz. Peyğəmbərdən (s) bir hədisdə buyurulur ki, Allah-taala məsuliyyəti olan şəxslərin hamısından öz məsuliyyətləri haqqında soruşacaq. Yəni həmin məsuliyyətli şəxslər necə davrandılar? Məsuliyyətlərində yaxşı davrandılar? Məsuliyyətlərində pis davrandılar?
Hətta kişidən də öz ailəsinin məsuliyyəti haqqında soruşacaqdır. Hz. Peyğəmbərdən (s) olan başqa bir hədisdə buyurulur ki, kişi ailəsinin məsuliyyətini daşıyır. Hər bir məsul şəxs ona tabe olanlar qarşısında məsuliyyət daşıyır. Qadın da öz həyat yoldaşının malına qarşı məsuliyyət daşıyır. Ailənin iqtisadi həyatında diqqət olması ən önəmli məsələlərdən biri xərcləmə məsələsində, qidalanma məsələsində, iqtisadi məsələdə orta yolu tutmaqdır. Yəni nə israfçılıq nə də xəsisliyə yol verilməməlidir. Furqan surəsinin 67-ci ayəsində buyurulur: O kəslər ki Allah yolunda xərcləyən zaman nə israf edib həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər. Onların əməli bu iki yolun arasında orta həddə və ədalətə riaət etmək olar. Yəni onların işi orta hədd və ədalətli olar. Əlbəttə bunu da nəzərə almaq gərəkdir ki, qadın hətta mal-dövlətə sahib olmuş olsa belə yenə də onunla ailə quran kişi həmin qadını iqtisadi cəhətdən həyatını təmin etməlidir.
https://t.me/Mizanmaarif
