Kişinin ailədə vəzifəsi (1) - İlahiyyatçı Rüfət Quliyev (10)
Mövzu 10: Kişinin ailədə vəzifəsi (1)
Bugünkü mövzumuz ailədə kişinin məsuliyyətləri haqqındadır. Bildiyimiz kimi Qurani-Kərim yaşayışın idarəçiliyini kişinin öhdəsinə qoyub. Əlbəttə, bu məsələ kişilərin qadınlardan üstün olması anlamında deyil. Bu o demək deyil ki, kişilər qadınlardan üstündürlər deyə ailənin başçısı da onlar təyin olunublar. Xeyr, İslam nöqteyi-nəzərində, Quran məntiqində həqiqi üstünlük yalnız təqva ilə ölçülür. Odur ki, hər bir müdir lazımi təqvaya sahib olmalıdır. Qurani-Kərim Nisa surəsinin 34-cü ayəsində buyurur:
"Allah-təala bəzilərini (yəni kişiləri), digər bəzilərindən (qadınlardan) cismani qüvvə baxımından, yəni fiziki baxımdan, həmçinin, kişilərin öz mallarından həyat yoldaşlarına xərclədikləri üçün kişiləri qadınlardan üstün qərar verdi. Kişiləri qadınların ixtiyar sahibləri, hamiləri qərar verdi".
Bu ayəyə əsasən, kişi öz ailəsini bütün sahələrdə inkişaf və təkamül etməsində ixtiyar sahibidir və hamisidir. Əlbəttə, bunu da nəzərə alaq ki, himayədarlığın öz-özünün məsuliyyət və vəzifələri var. Bu məsuliyyətlər həyat yoldaşı və övlad haqqındadır. Yəni kişi ömrünün sonuna qədər öz həyat yoldaşına, öz övladlarına qarşı vəfalı, sadiq olmalıdır. Hami və ixtiyar sahibi olan şəxs onun himayəsində olanlara qarşı çox ciddi və çox diqqətli davranmalıdır. Belə ki, əgər övladları, ya həyat yoldaşı üçün bir problem yaransa, ailə üzvləri bir problemlə qarşılaşsalar, o məsələyə laqeyd yanaşmamalıdır. Həmin problemi həll etmək üçün əlindən gələni etməlidir, maksimum çalışmalıdır. Onların problemini öz problemi hesab etməlidir. Əslində insan- istər kişi, istər qadın ailə qurmazdan öncə mümkündür ki, şəxsi arzuları, şəxsi fikirləri, şəxsi istəkləri olsun. Amma bizim nəzərimizcə ailə qurduqdan sonra ailə daxilində mən və sən yox, yalnız biz olmalıdır. Qurani-Kərimin dəstəklədiyi, bəyəndiyi ailə də məhz bu cür ailədir. Qurani Kərimin bəyəndiyi ailədə mənim istəklərim, mənim düşüncələrim, mənim fikrim kənara qoyulmalıdır, əvəzində bizim fikrimiz, bizim istəklərimiz, bizim ailənin rifahı, bizim ailənin istəkləri və arzuları nəzərə alınmalıdır. Kişi xilqətcə, yəni cismi cəhətdən və fiziki baxımdan qadından daha qüvvətlidir, yəni Allah-təala kişini bu formada yaradıb. Yəni kişi xilqətcə fiziki cəhətdən elə yaradılıb ki, olduqca ağır işlərin öhdəsindən gəlməyi bacarır. Qurani-Kərim də ailəni və qadını mühafizə etməyi, qorumağı, himayə etməyi məhz bu səbəbdən kişinin öhdəsinə qoyub.
Bildiyimiz kimi, ailə cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə baş verənlər ailəyə də təsir qoyur. Odur ki, bəzən ailənin əsasını qorumaq üçün ailə başçısı- kişi həmin problemə sipər rolunu oynamalıdır. Kişinin ailədəki himayə və ixtiyar sahibi olması haqqında 3 əsas vəzifədən danışa bilərik. Birincisi, ailənin iqtisadi cəhətdən təminatı, ikincisi ailəni xoşbəxtliyə və səadətə doğru yönləndirmək, üçüncüsü isə övlad tərbiyəsi. Allahın da iznilə biz gələn bəhslərimizdə bu məsuliyyətlər haqqında geniş danışmağa cəhd edəcəyik.
https://t.me/Mizanmaarif
