Kişinin ailədəki vəzifələri (2) - İlahiyyatçı Rüfət Quliyev (12)
Mövzu 12: Kişinin ailədə vəzifəsi (3)
Mövzumuz kişinin ailədəki vəzifələri haqqındadır. Kişinin ailədəki başqa bir vəzifəsi ailəsini səadətə doğru aparmaqdır. Xoşbəxtliyə doğru yolda ailəsinə laiqli şəkildə rəhbərlik etməkdir. Bu haqda Qurani-kərimin Təhrim surəsinin 6-cı ayəsində buyurulur: "Özünüzü və ailənizi cəhənnəm atəşindən qoruyun". Kişi ailədə həyat yoldaşının və övladlarının inkişafı, təkamülü üçün mühit yaratmalıdır. Həmin mühiti yaratmaq üçün maksimum şəkildə çalışmalıdır. Ailəsinin təkamülü üçün lazım olan vasitələrin hamısını ailəsinin ixtiyarında qoymalıdır. Ailəsinin inkişafının qarşısını almamalıdır və onlar üçün yersiz maneə yaratmamalıdır. Misal üçün ailəsinin savadlanması, lazımi elmlərə yiyələnməsi üçün təhsil qapısını onların üzünə açmalıdır. Ola bilsin ki, həyat yoldaşı hansısa bir peşəyə, hansısa sənətə, yaxud da hansısa bir elmə yiyələnmək istəyir. Bu sahədə kişi əlindən gələn köməyi əsirgəməməlidir. Eyni zamanda övladlarının təhsil alması, hər hansısa sənətə və yaxud peşəyə yiyələnmələri üçün onlara lazımi formada dayaq olmalıdır. Həmçinin, övladlarının tərbiyəsi üçün lazım olan hər bir şeyi öz həyat yoldaşının ixtiyarında qoymalıdır. Ona görə ki, uşağın şəxsiyyətinin formalaşmasında ananın rolu böyükdür. Əslində uşağın şəxsiyyəti ananın verdiyi tərbiyəyə münasib olaraq formalaşır. Başqa sözlə uşağın tərbiyəsində həm ananın, həm də atanın təsiri var. Amma uşaq kiçik yaşlarından- anadan olandan öz anası ilə daha çox ünsiyyətdə olub, öz anasından görüb-götürdüyü üçün ananın övladın tərbiyəsində rolu əvəzedilməzdir. Amma bu o demək deyil ki, atanın bu məsələdə heç bir təsiri və rolu yoxdur. Hər iki valideyn istər ana, istərsə də ata bu sahədə məsuliyyət daşıyırlar.
https://t.me/Mizanmaarif
