Qadın ailədəki vəzifələri (1) - İlahiyyatçı Rüfət Quliyev (14)
Mövzu 14: Qadının ailədəki vəzifələri (1)
Keçən dərslərimizdə ailədə kişilərin vəzifələri və məsuliyyətləri haqqında. Bu günkü mövzumuz ailədə xanımların və qadınların vəzifələri haqqındadır. Ailədə ata qanunverici bir orqandır, ana isə icraedici bir orqan kimi fəaliyyət göstərir. Başqa sözlə desək, ailəni sahmana salmaqda, idarə etməkdə hər ikisi əl-ələ verib bir-birinə kömək edirlər. Düzdür ki, atanın ailə başçısı kimi məsuliyyəti ağırdır, amma ana da onun kənarında icraedici bir məsuliyyətə sahibdir. Yəni icraedici şəxsin məsuliyyəti daha çox, işin səmərəli olmasında payı daha artıqdır. Xanımların ailədəki vəzifələri aşağıdakılardan ibarətdir:
1. İcra etmək;
2. Qorumaq;
3. Mənzilin işlərini nizama salmaq;
4. Övlad tərbiyəsi.
Biz bu vəzifələr haqqında ayrı-ayrı söhbət edəcəyik. Xanımın ailədəki birinci vəzifəsi icra etməkdir. Qurani Kərimin Nisa surəsinin 34-cü ayəsində Allah-Təala buyurur:
"Əməlisaleh qadınlar ərlərinə tabedirlər, ərlərinə tabe olarlar, müti olarlar, sözə qulaq asan olarlar".
Təsəvvür edin bir idarənin rəisi məsuliyyət daşıdığı kimi onun müavinləri də məsuliyyət daşıyırlar. Yəni idarədə yalnız rəis və müdir məsuliyyət daşımır, idarənin bütün məsul işçiləri məsuliyyət daşıyırlar. Hamısı bir yerdə idarənin uğuru üçün çalışırlar və müdirin qanunlarına tabe olmalıdırlar. Ümumi bir iş üçün bu zəruridir. Hamısı birlikdə bir idarə sayılır. Yuxarıdakı ayədən də belə anlaşılır ki, əgər kişilər ailədə məsuliyyət daşıyırlarsa, vəzifə sahibidirlərsə, saleh qadınlar da onlara tabe olmalıdırlar. Yəni işin icrasında ailənin uğrunda, ailənin xoşbəxtliyə doğru hərəkətində qadınlar kişilərə tabe olmalıdırlar ki, xoşbəxtlik baş versin ailə uğura tərəf hərəkət etsin.
Bəzi qadınların “Mən daha təqvalıyam, daha hörmətliyəm deyə həyat yoldaşıma tabe olmuram” sözləri düzgün deyil. Yaddan çıxartmamalıyıq ki, insan yalnız və yalnız Allaha itaət etməlidir, Allaha tabe olmalıdır. Qadının itaəti dedikdə sırf ərdarlıq və evdarlıq nəzərdə tutulur. Həzrəti Peyğəmbərdən (s) olan bir hədisdə buyurulur: "Kişi üçün iman gətirdikdən, mömin olandan sonra ən yaxşı şey gözəl və dindar qadına sahib olmasıdır. Belə ki, həmin qadına, həyat yoldaşına nəzər saldıqda sevinər, ona bir iş tapşıranda o qadın o işi yerinə yetirər, itaət edər. Həyat yoldaşı olmadıqda həmin qadın özünün və həyat yoldaşının malını sərvətini qoruyar”. Ailənin işlərini sahmana, nizama salmaqda o qadınlar öz həyat yoldaşlarının dəstəyini qazana bilərlər ki, özləri də həyat yoldaşlarına tabe olmuş olsun. Yəni ailədə bu iş qarşılıqlıdır. Əgər bir qadın öz həyat yoldaşının dəstəyini, etimadını, etibarını qazanmaq istəyirsə gərək öz həyat yoldaşına tabe olsun, itaət etsin. Yaddan çıxartmayaq ki, Allah-təala insanın fitrətinə uyğun əmr edir. Yəni Allah-təalanın buyurduqları əmr etdikləri hər bir insanın fitrətinə uyğundur, fitrətinə müvafiqdir. Qadının fitrətində də ərinə tabe olmaq vardır. Yəni Allah-təala qadına öz ərinə tabe olmağı buyurmuşdursa, qadının fitrətinin ziddinə bir əmr etməmişdir.
Təbii ki, kişilər də bu məsələlərdə həddi aşmamalıdırlar, ifrat və təfrit etməməlidirlər. Həm öz vəzifələrinə, həm də həyat yoldaşlarına qarşı məsuliyyətli olmalıdırlar. Ailədə kişi də öz həyat yoldaşını ona tabe olan, sözündən çıxmayan görsə, kişi də öz həyat yoldaşına itaət edəcək onun sözünə qulaq asacaq, onun sözünü eşidəcək, ona etibar edəcək və ona etimad göstərəcək. Ümumiyyətlə, kişilər həyat yoldaşları onlara qulaq asdığı, onlara itaət etdiyi zaman ailəyə daha bağlı olurlar. Əgər hər hansı bir qadın öz həyat yoldaşına itaət etməsə, onun əleyhinə qalxsa, ona qarşı sanki üsyan etmiş olsa, kişinin ailə sisteminə olan etimadı aradan gedəcəkdir. Belə olduqda həmin kişi və qadın üçün uğurlu və xoşbəxt bir ailə təsəvvür olunmayacaq. Ailənin qorunmasında, xoşbəxtçiliyində və uğurunda hər şey qadın və kişinin öz əlindədir. Ailədə həyat yoldaşının əleyhinə olan, özünü kişi yerinə qoymaq istəyən qadınlar uğur qazanmayacaqlar. Çünki belə bir rəftar xilqət sisteminin əleyhinədir, ziddinədir. Ailədə hər iki tərəfin yeri bəlli olmalıdır.
https://t.me/Mizanmaarif
