Qurani ailənin özəllikləri (2) - İlahiyyatçı Rüfət Quliyev
Mövzu2:Fərdiehtiyaclar
Ötən dərs ailənin ehtiyaclarını sadaladıq. Bu günkü mövzumuz isə Qurani ailənin xüsusiyyətləri haqqındadır. Sağlam ailə onu təşkil edən şəxslərin hər birinin fərdi ehtiyaclarını təmin edə bilmək üçün ən üstün xüsusiyyətlərə malik olmalıdır. Yəni bir ailədə onu təşkil edən fərdlərin ehtiyacları təmin olunursa, həmin ailə sağlam ailədir.
Kişilər adətən öz inkişaflarını ictimai proseslərdə iştirak etmək və iqtisadi planlara irəliləməkdə görürlər. Xanımlar üçün də şərait elə olmalıdır ki, onlarda da inkişaf və təkamül hissi yaranmış olsun. Qadının təkamülünün bəzi çalarları analıq və övlad tərbiyəsi sahəsində özünü göstərir. Analıq və övlad tərbiyəsi sahəsində qadının bəzi istedadları üzə çıxır və inkişaf edir. Amma buna baxmayaraq qadının başqa sahələrdə də inkişaf etməsi üçün münasib şərait yaradılmalıdır. Qurani-Kərimin "Rum " surəsinin 21-ci ayəsində buyurulur:
"Onların yanında aramlıq tapasınız deyə, sizin üçün öz cinsinizdən zövcələr xəlq edib aranızda dostluq əlaqəsi, batini mehri-məhəbbət yaratdıq. Həqiqətən də burada düşünən bir qövm üçün nişanələr vardır".
Bu ayə bir başa olaraq ailə mövzusuna toxunmasa da, evliliyə aiddir və evlilik ailənin təşkil olunmasında ən mühüm məsələ olduğu üçün bu ayədən istifadə etməklə bir neçə məsələyə diqqət yetirmək mümkündür:
"Allahın nişanələrindəndir" cümləsi demək istəyir ki, həyat yoldaşlarınız sizin öz cinsinizdəndir. İnsan üçün mələklərdən olan həyat yoldaşı yaradılmayıb. Odur ki, insan öz həyat yoldaşına “mənim kimi bir insandır” gözü ilə baxmalıdır.
Ayənin “Onların yanında aramlıq tapasınız” hissəsinə görə ailə və ev narahatçılıq və əsəb yeri yox, aramlıq və sakitlik məkanı olmalıdır. Ailə üzvlərinin hər biri ailədə aramlıq mühiti yaratmalı, hər hansı problemlə üzləşildiyi zaman problemin həlli üçün əllərindən gələni etməlidirlər. Ailə üzvlərinin aramlığı və ruhi psixoloji sakitçiliyi üçün münasib mühitin olmadığı ailədə problemlər üzə çıxacaq. Əgər ailənin bütün üzvləri özlərinin ilahi, əxlaqi və insani vəzifələrinə əməl etsələr sözsüz ki, həmin ev əmin-amanlıq və aramlıqla dolu olan bir məkana çevriləcək. Bu evdə, belə bir ailədə asayişin nəticəsi həmin ailənin üzvlərinə ruhi, psixoloji sakitçilik və aramlıq bəxş etməkdir. Belə bir mühiti olan evin, ailənin üzvləri evdən kənarda problemləri olmuş olsa belə, onlar bir yerə yığılanda öz problemlərini unudacaqlar. Ruhi aramlığı olan ailənin fərdləri gələcəkdə cəmiyyətə daxil olmaq üçün yeni enerji əldə edirlər.
Bu ayədən alına biləcək başqa nəticələri gələn dərsimizdə diqqətinizə çatdıracağıq.
