Qurani ailənin özəllikləri (4) - İlahiyyatçı Rüfət Quliyev
Mövzu4:Quraniailəninxüsusiyyətləri
Keçən bəhslərimizdə Qurani ailənin xüsusiyyətlərindən danışdıq. “Rum” surəsinin 21-ci ayəsinin bəzi cümlələrini izah etməyə çalışdıq. Bu ayədə buyurulur:
"Onların yanında aramlıq tapasınız deyə sizin üçün öz cinsinizdən zövcələr xəlq edib aranızda dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması Allahın nişanələrindəndir".
Bu ayədə işlənən cümlələrdən biri budur: “Aralarında məvəddət və rəhmət qərar verən də Allahdır”. İlk öncə ata və ana, sonra dünyaya gələn övladların vasitəsi ilə genişlənən ailə kiçik bir cəmiyyətdir. Bu cəmiyyətin üzvləri arasında yaranan mehribançılıq, mərhəmət və məhəbbəti xəlb edən Allah təaladır. Ayədə işlənən “məvəddət” sözünün mənası sevgi ilə olan xeyirxahlıqdır. Məhəbbət sözünün mənası isə mehribançılıq və mərhəmətdir. Qurani-Kərimin bəyəndiyi ailə, yəni Qurani ailənin xüsusiyyətlərindən biri budur ki, ailənin bütün üzvləri - həm ata, həm ana, həm də övladlar bir-birinin xeyrini istəyirlər, bir-birinə qarşı xeyirxahdırlar. Hər kəs öz xeyrini başqasının xeyrində görür. Belə ailədə münasibətlər eqoizm, şəxsi maraqlar və şəxsi mənfəətlərə görə qurulmur. Hər fərd digərini özünün xeyir və bərəkət mənbəyi, amili bilir. Ona görə də özünü kənara çəkmir. Özünün müsbət arzu və istəklərinin yanında, ailə üzvlərinin də xeyrini nəzərə alır. Odur ki, ailənin hər bir üzvünün hədəfi xeyirxahlıq, mərhəmət və məhəbbət olsa, həmin ailə xeyirə və xoşbəxtliyə doğru hərəkət etmiş olacaq.
Ailəyə verilən rəhmət Allahın hədiyyəsi və neməti olduğu üçün ailənin hər bir üzvü öz aralarındakı münasibəti elə qurmalıdırlar ki, bu ilahi nemət ən gözəl şəkildə qorunmuş olsun. Evlilik zamanı Allah-Təala tərəfindən ər və arvadın qəlbinə mehr və məhəbbət yağışı yağdırılır. Hər iki şəxs bu məhəbbəti, mərhəməti qorumaqda ciddi məsuliyyət daşıyır. Neməti vermək Allahdan, qorumaq isə bizdəndir. Evlilik zamanı yeni bir qurum təşkil olunur. Bu qurumda hər bir üzvünün səadət və xoşbəxtliyi qarşı tərəfin səadət və xoşbəxtliyinə bağlıdır. Başqa sözlə, ailənin xoşbəxtliyi bütün üzvlərdən asılıdır. Xeyir və bərəkət də hamıya birdəfəlik nazil olur. Ailə üzvlərinin heç biri öz səadətini digərinin səadətindən kənarda görməməlidir. Əlaqələri mehr-məhəbbət üzərində qurulmuş ailələr möhkəm olur. Diqqət ediləsi məqamlardan biri budur ki, ailədəki mərhəmət və rəhməti aradan apara biləcək bütün maneələrin qarşısı alınmalıdır. Yəni nifaq, ixtilaf, söz-söhbət, kin-küdurət yarada biləcək amillər bu müqəddəs qurumdan uzaq tutulmalıdır. Bəs, bu necə həyata keçirilir? İlk öncə ailənin hər bir fərdi ailəyə ziyan vura biləcək hər bir məsələni uzaq tutmaq üçün öz danışıq və rəftarına diqqət etməlidir. Yalnız hər bir şəxs öz danışıq və rəftarına diqqət etməklə bir çox problemləri ailədən uzaq tuta bilər. Bir söz deməzdən əvvəl, bir işi görməzdən öncə, bir məsələ haqqında qərar verməzdən əvvəl ailədəki ümumi mərhəmət, səmimiyyət və məhəbbətə, ailədəki ümumi səfalı mühitə bu işin, sözün və qərarın nə dərəcədə təsir edəcəyini əvvəlcədən ölçüb-biçmək lazımdır. Ona görə də ailənin bütün üzvləri bu müqəddəs qurumu qorumaqda ciddi şəkildə səy göstərməlidirlər .
https://t.me/Mizanmaarif
