Qurani ailənin özəllikləri (5) - İlahiyyatçı Rüfət Quliyev
Mövzu 5:Ailədə məsuliyyət
Qurani-Kərimin bəyəndiyi ailənin xüsusiyyətləri haqqında keçən bəhslərimizdə danışdıq. Bugünkü mövzumuz ailədə məsuliyyəti qəbul etmək haqqındadır. Bir cəmiyyətdə məsuliyyətlər və onların düzgün icrası həmin cəmiyyətin əsaslarını möhkəmləndirib ömrünü uzatdığı və fərdləri səadətə tərəf apardığı kimi, ailədə də məsuliyyət hissi, məsuliyyəti düzgün, yerində və vaxtında icra etmək həmin ailənin səadətə irəliləməsində əsaslı rol oynayır. Bunun üçün əvvəlcə ailədəki fərdlərin yeri müəyyən edilməlidir. Ona görə ki, məsuliyyət o vaxt məna daşıyır ki, məsul şəxsin yeri müəyyən olunmuş olsun. Vəzifəsiz bir şəxs yoxdur, bütün vəzifələri də bir fərd yerinə yetirə bilməz. Odur ki, vəzifələr və məsuliyyətlər bölünməlidir.
Ailədə ilk öncə kişi və qadının ailədəki yeri müəyyən olunmalıdır. Məsuliyyətlər məsul şəxsin tutduğu yerə görə məna daşıdığı üçün ikinci növbədə məsuliyyətlərin bölünməsinə başlanılır. Qurani-Kərim həm kişilərin, həm də qadınların vəzifələrini bəyan etmişdir. Diqqət edilməli ən mühüm məqam budur ki, Qurani-Kərimin məsuliyyətləri bölməkdə meyarı fərdlərin dəyər və üstünlüklərinə görə deyildir. Yəni, kişi qadından və yaxud da qadın kişidən üstün hesab olunmur. Beləliklə hər bir fərdin bacarıq, istedad, ruhiyyə və qüdrətinə görə məsuliyyətləri vardır. Çox təəssüflər olsun ki, müasir dünyamızda bəzi fəlsəfi məktəblər öz iqtisadi maraqlarını əldə etmək üçün kişi və qadın bərabərliyi adı altında insanları çaşdırmağa çalışırlar. Yəni kişilərin gördüyü işləri qadınlar da görsün. Bu cəhətdən "Kişi və qadın bərabərdir" iddiası ilə çıxış edirlər. Halbuki, hər bir məntiqli şəxs anlayır ki, kişi və qadının xilqət cəhətindən bacarıq, istedad və fiziki qüdrətində fərqlər vardır. Xilqət baxımından kişi və qadın fərqlidirlər və bu fərqlilik birinin digərindən üstün olmasına görə deyil, fiziki quruluşlarına görədir. Yəni kişilərin fiziki quruluşu daha çox ağır işləri yerinə yetirmək üçün münasibdir. Başqa sözlə, Allah təala qadının yanında ağır işlərdə ona yardım edə bilməsi, ağır sənayedə çalışması, döyüşlərdə vuruşması üçün kişini özünəməxsus fiziki görkəmdə xəlq edib. Qadını isə incə, zərif işləri yerinə yetirə bilmək, mehr-məhəbbət göstərmək, uşağa qayğı kimi məsələlərə uyğun yaradıb. Ailədə də bu məsələyə çox diqqət olunmalıdır.
https://t.me/Mizanmaarif
