Qurani ailənin özəllikləri (6) - İlahiyyatçı Rüfət Quliyev
Mövzu 6:Ailədə məsuliyyət (2)
Qurani - Kərimin bəyəndiyi ailənin xüsusiyyətləri haqqında danışırıq. Keçən dərsimiz ailədə məsuliyyət qəbul etmək haqqında idi. Məsuliyyət qəbul etməkdə ən mühüm məsələ əmanətdarlıqdır. Qurani - Kərimdə də bu məsələyə toxunulub. "Yusif" surəsinin 55-ci ayəsində buyurulur :
"Mən bilikli, elmli gözətçiyəm".
Quranın bu təbirinə əsasən, məsuliyyəti qəbul edən zaman lazım olan ən mühüm məsələ əmanətdarlıq və bilik, əmanətdarlıq və agahlıqdır. Yəni məsuliyyət qəbul edən şəxs həm məsuliyyətini öhdəsinə götürdüyü işi bilməlidir, o iş haqqında məlumatı olmalıdır, həm də o işə qarşı əmanətdar olmalıdır. Bilmədən, kifayət qədər məlumatı olmadan və əmanətdarlıq xüsusiyyətinə yiyələnmədən məsuliyyət qəbul etmək düzgün deyil.
İstər kişi, istərsə də qadın ailə qurmazdan əvvəl evliliyə hazır olmalıdırlar. Kor-koranə şəkildə müqəddəs bir qurumun əsaslarını qoymağa qalxmamalıdırlar. Belə ki, hər iki fərd ailə qurduqdan sonra üzərlərinə düşəcək vəzifə və məsuliyyətlər haqqında öncədən məlumat toplamalıdırlar. Bu da evlilik haqqında yazılmış kitabları mütaliə etməklə, uğurlu ailəyə sahib olan şəxslərin təcrübəsindən yararlanmaqla mümkündür. Ağıllı insan bir işə başlamazdan öncə həmin iş haqqında məlumat toplayır, qarşıya çıxa biləcək maneələri ölçüb-biçib özünü həmin maneələrlə mübarizəyə hazır vəziyyətə gətirib çıxarır. Tədbirli insan da səfərə çıxmamışdan öncə səfər üçün lazım olan bütün məsələləri və bütün ləvazimatları əvvəlcədən həll edir. Həyat yoluna azuqəsiz və hazırlıqsız, məsuliyyət daşımadan çıxmaq düzgündürmü? Odur ki, ağıllı və uzaq görən insan ailə qurmazdan öncə özünü evliliyə hazırlamaq üçün əlindən gələni etməlidir. Hazırlıqsız, məlumatsız,məsuliyyət hissi keçirmədən, evlilik məsələsinə ciddi yanaşmadan ailə quranlar çox təəssüf ki, gələcəkdə bir çox problemlərlə qarşılaşırlar.
Ailədə baş verən problemlər başqa şəxslərə də sirayət edir. Bu da ailəsində problem yaşanan şəxs haqqında başqaları tərəfindən xoşa gəlməz sözlərin danışılmasına gətirib çıxarır. Məsələn: Ailəsini idarə edə bilmir, evliliyə hazır deyil, hələdə uşaqdırlar və s. bu kimi ifadələr. Odur ki, həm ailədə problem yaranmasın deyə, həm də insanın başqalarının yanında öz hörməti qorunub saxlanılsın deyə əvvəlcədən evliliyə hazır olması daha gözəldir. Bunun üçün bəzi evlilik haqqında yazılan kitabları sizin diqqətinizə çatdırmaq istəyirik. Bu kitablar Azərbaycan dilinə tərcümə olunub və satışda var.
1."Ailə səadətinə necə nail olaq" - Huseyn Məzahiri
2."Həyat yoldaşı seçimi" - İbrahim Əmini
3."Evlilərin kitabı" - Yusif Qulami
4."Gənc ailələr üçün göstərişlər" - Məhəmməd Əli Saadat
5."İslamda evlənmə və ailə hüququ" - Əliəkbər Babazadə
https://t.me/Mizanmaarif
