Qurani ailənin özəllikləri (7) - İlahiyyatçı Rüfət Quliyev
Mövzu 7: Ailədə məsuliyyət (3)
Mövzumuz ailədə məsuliyyət qəbul etmək haqqında idi. Qurani-Kərimin “Qasas” surəsinin 26-cı ayəsində Şüeyb peyğəmbərin qızı Musa peyğəmbər haqqında atasına buyurur:
“Atacan, onu muzdla işə götür, çünki güclü və etibarlı adam muzdla tutduqlarının ən yaxşısıdır”.
Bu ayədə də bacarıq və qüdrət, məsuliyyət qəbul etməkdə lazım olan xüsusiyyətlərdən hesab olunur. Yəni bacarığı və qüdrəti olduğu üçün filan işi ona tapşır, filan məsuliyyəti ona ver. Bacarığı və qüdrəti olduğu üçün məsuliyyətin öhdəsindən gələ biləcək. Ailə məsələsində də bu cürdür. Ailə qurmazdan öncə insan ona lazım olacaq bacarıq və qüdrətə yiyələnməlidir. İstər qadın, istərsə də kişi özündə müəyyən xüsusiyyətləri və istedadları təkmilləşdirməlidir. Ailə qurduqdan sonra bacarıq və qüdrət məsuliyyət qəbul etməkdə lazımlı olan ən önəmli məsələlərdəndir.
Mümkündür ki, belə bir sual yaransın: Bəzi şəxslər ailə qurduqdan sonra məsuliyyət qəbul etmək üçün bacarıq və qüdrət əldə edə bilər?
Cavab müsbətdir. Bəli mümkündür, amma səfərə çıxmazdan əvvəl səfərin tədarükünü görmək daha etibarlı və güvənlidir. Yəni, ailə qurmazdan öncə lazımi olan bacarıq və qüdrəti insanın özündə təkmilləşdirməsi daha etibarlıdır. Məsuliyyət hissi məsul şəxslərin, yəni öhdələrinə məsuliyyət götürən şəxslərin lazım olan bütün vəzifələri yerinə yetirmələridir.
Ailədə qadın olmaq üstünlük meyarı deyil, eynilə həqarət meyarı da deyil. Kişi olmaq daha dəyərli, daha üstün olmaq anlamına gəlmir. Qurani-Kərimin və İslamın nəzərində kəramət, üstünlük və dəyərin yeganə meyarı təqvadır. Kişi və qadının da dəyəri bu meyarla ölçülür. Kim daha təqvalıdırsa, Allahın yanında daha sevimli, daha hörmətli olan odur. Qurani-Kərimin “Hucurat” surəsinin 13-cü ayəsində buyurulur:
"Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən təqvalınızdır".
Qurani-Kərimə görə insanın dəyər və hörməti onun cinsinə bağlı deyil. Yaxşı əməl edən öz əməlinin nəticəsini görəcək, istər kişi olsun, istərsə də qadın. Allah dərgahında bütün insanlar bərabərdirlər. Daha çox dəyər və üstünlük o zaman verilir ki, insan təqva yolunda daha çox və daha ciddi çalışmış olsun. Əgər bir qadın təqva yolunda daha ciddi və daha çox çalışarsa, Allah yanında daha hörmətlidir və eynilə bu kişiyə də aiddir. Yəni hörmət və dəyər insanların cinsiyyəti ilə ölçülmür. Hansı cinsə mənsub olmasından asılı olmayaraq, insanlara İslamın verdiyi dəyər və qiymət sadəcə insanların təqvasına görədir. “Ali-İmran” surəsinin 195-ci ayəsində Allah-təala buyurur:
"Mən sizdən istər kişi, istərsə də qadın heç kimin əməlini zay etmirəm".
Allahın dərgahında qadın və kişi bərabərdirlər, meyar yalnız təqvadır. Odur ki, ailə mühitində də bu məsələlərə diqqət etməliyik. Ailə mühitində qadın və ya kişi olmaq üstünlük demək deyil. Ailədə üstünlük yalnız təqva ilə ölçülməlidir.
https://t.me/Mizanmaarif
