Qurani ailənin özəllikləri (8) - İlahiyyatçı Rüfət Quliyev
Mövzu 8: Ailədə məsuliyyət (4)
Mövzumuz ailədə məsuliyyət qəbul etmək haqqında idi. Bilirik ki, istər kiçik, istərsə də böyük cəmiyyətin bir müdirə, bir məsul şəxsə ehtiyacı var. O cəmiyyətin idarəsi iki müdir, iki məsul şəxslə mümkün deyil. Belə olan zaman işlər öz yolunda getməyəcək, nizam-intizam olmayacaqdır. İstənilən cəmiyyətdə bir nəfər başçı olur və işləri yerinə yetirmək məsuliyyətini öhdəsinə götürür, sonuncu sözü həmin şəxs deyir və başqaları məsləhət rolunda çıxış edirlər. Ailədə də belədir. Qurani-Kərimin ailə üçün başçı, məsul, cavabdeh təyin etməsi dinin ailəyə verdiyi önəmin göstəricisidir. Yəni ailə dinin nəzərində çox önəmli və dəyərli bir qurumdur. Bu qurumun qorunub saxlanılması, lazımi istiqamətdə hərəkət edə bilməsi üçün bir şəxs ona başçılıq etməlidir. Ailənin məsuliyyətini qəbul etməyə daha çox səlahiyyəti çatan fərd məsuliyyəti öz üzərinə götürməlidir. Amma unutmayaq ki, kimin nə dərəcədə səlahiyyətə sahib olub olmadığını təyin edən yalnız Allahdır. Məsuliyyəti qəbul etmək nigarançılıq, stres, depressiya yaratmamalıdır. Məsuliyyət müqəddəs bir işdir. Əgər şəxs onun mənasını düzgün dərk etsə və işini dəqiq şəkildə icra etsə, hesabsız əcr və savaba yiyələnəcək. Bütün insanların Allahın üzərində məsuliyyətləri var və hamı öz vəzifəsinə əməl etməlidir. Məsuliyyət nə qədər böyük, nə qədər ağır olsa, bir o qədər çox savab qazanılır. Məsuliyyət iki tərəflidir və bütün insanlar bir-birinə qarşı məsuliyyətlidirlər. Bundan əlavə məsul şəxs məsuliyyətinin əhatəsi dairəsində kifayət qədər ixtiyara sahib olmalıdır. Yəni kifayət qədər ixtiyarı olmalıdır ki, məsuliyyətinə uyğun olan vəzifələri icra edə bilsin. Heç kəs başqasının məsuliyyət əhatə dairəsinə müdaxilə etməməlidir. Amma başqalarının məsləhətinə, təkliflərinə və iradlarına da diqqət etmək lazımdır. Odur ki, ailədə də ailənin məsuliyyətini öz üzərinə götürən bir şəxs olmalıdır və həmin şəxs bu məsuliyyəti icra etmək bacarığı olan şəxs olmalıdır.
https://t.me/Mizanmaarif
