Qurani ailənin özəllikləri - İlahiyyatçı Rüfət Quliyev
Mövzu 1: Fərdi ehtiyaclar
Ailənin əhəmiyyəti və cəmiyyətdəki rolu hamıya məlumdur. İnsanlar hələ uşaq yaşından ailə adlı kiçik cəmiyyətdə böyüyüb inkişaf edirlər. Kökləri möhkəm, mühiti isti olan ailədə tərbiyə alan fərdlər cəmiyyətdə daha çox uğur qazanırlar.
Hər bir şəxsin fərdi ehtiyacları var və bu ehtiyaclardan əksəriyyəti ailədə təmin olunmalıdır. Bu ehtiyaclar hansılardır?
1.Fiziki və cismi ehtiyaclar: Qidaya olan ehtiyac, geyimə olan ehtiyac, cinsi ehtiyac bu dəstəyə aiddir.
2.Əmin-amanlığa olan ehtiyac: Hər kəs aramlıq və əmin-amanlıq içində yaşamaq istəyir, gələcəyi üçün nigaran olmağı sevmir. Aramlıq və əmin-amanlığın böyük bir hissəsi ailədə təmin olunmalıdır. Ailə üzvlərinin hər biri aramlıq və əmin-amanlıq mühitinin yaradılması üçün əlindən gələni etməlidirlər.
3.Mehribançılıq ehtiyacı: İstər böyük, istərsə də kiçik yaşlı şəxslərdə məhəbbətə ehtiyac mövcuddur, lakin, məhəbbətin göstərilməsi, üzə çıxarılması fərdlərdən asılı olaraq dəyişilir. Mehr və məhəbbətin təmin olunmasının ilk məkanı ailədir, yəni məhəbbət və mehribançılıq ilk olaraq ailədə təmin olunmalıdır.
4.Özünə hörmət ehtiyacı: Hər kəs ona hörmət edilməsini, onunla hörmətlə rəftar olunmasını istəyir. Bunun da formalaşma məkanı ailədir. Ailə insanı bir şəxsiyyət kimi formalaşdırır və bu ehtiyacı təmin edir.
5. Elm və inkişaf ehtiyacı: Bütün insanlar fitri olaraq inkişaf və elm yolunda olmaq istəyirlər. Bu istək həm kişilərdə, həm də qadınlarda vardır. Həm kişilər, həm də qadınlar hörmətli və bacarıqlı bir şəxs olmaq istəyirlər. İqtisadi, fikri, ictimai problemlərin həll yolunu tapmaq, xüsusilə də əxlaqi və mənəvi məsələlərdə yüksəliş əldə etmək istəyirlər.
6.Mənəviyyata qarşı ehtiyac: Fərdin ən mühüm ehtiyaclarından biri mənəviyyata olan ehtiyacdır. Hər bir şəxsin vücudunda Allah-Təala ilə mənəvi rabitəyə ehtiyac vardır. Bu rabitə və mənəvi əlaqə bir çox iztirab və narahatlıqların qarşısını alır. Çünki qəlblər yalnız Allahı yad etməklə aramlıq tapır. Qurani-Kərimin "Rəd" surəsinin 28 - ci ayəsində buyrulur:
"Bilin, qəlblər yalnız Allahın zikri ilə aramlıq tapır."
