Ölümün o tayı - Kitab haqda mütərcimin ön sözü

Mütərcimin ön sözü
İnsan övladını düşündürən suallardan bəzilərinin bəşərin tarixi qədər qədim olduğunu, yəqin ki, təsdiqləyərsiniz. O suallardan biri insanın əvvəli ilə bağlıdırsa, digəri də insanın sonu və aqibəti ilə əlaqəlidir. “Haradan gəlmişəm?” və “haraya gedəcəyəm?” sualları bəşər övladının ağlını tarixin bütün mərhələlərində məşğul edən suallar siyahısında yer almışdır. Həqiqətən də, insan öldükdən sonra başına nələr gəlir? İnsanın dəfn olunması və cəsədinin çürüməsi ilə onun üçün yazılan ssenari sonamı çatır, ya əksinə, bu hal tırtılın kəpənəyə çevrilməsi prosesi kimi insanın yeni dünyaya qədəm qoyması üçün sadəcə bir körpü rolunu oynayır.
Cəmiyyətimizdə çox səslənən suallardan biri də budur: “O dünyadan kimsə xəbər gətiribmi? Gedib gələn olubmu ki, inanaq?”. Bu növ sual verən əzizlərimizə ilk olaraq bu cavabı verməliyik: bir şeyin var olması üçün gözlə görünməsi və ya bir yerin mövcudluğunun isbatı üçün ziyarət olunması şərt deyildir. İkinci növbədə isə əlinizdə tutduğunuz bu kitabdan ona da hədiyyə edib, digər dünyadan gələnlərin xatirələrini oxuyaraq suallarına cavab tapmaqda yardımçı ola bilərsiniz. Kitabda ağır qəzaya tuş gələrək kliniki ölüm keçirən üç şəxsin müsahibəsi və o anlarda yaşayıb gördükləri xatirələri yer almışdır. Onların iddialarına görə, danışdıqları hadisələr dünya ilə qiyamət arasında gözləmə məntəqəsi rolunu oynayan bərzəx aləmində cərəyan etmişdir.
Bundan əlavə, kitabdan insanların daim maraq və araşdırma dairəsində olan “cin” mövzusu barədə də müəyyən açıqlamalar və yeni məlumatlar əldə edəcəksiniz. Kitabda yer alan ikinci hekayənin qəhrəmanı mövzudan kənar olsa da, kliniki ölüm keçirdikdən sonra cinlərin onunla əlaqəyə keçməsindən söz açaraq bununla bağlı yaşadığı maraqlı təcrübələri oxucularla bölüşmüşdür. Hekəyədə bu barədə qeyd olunan məlumatların cəmiyyətimizdə müzakirə olunan cin, cadu, sehr və bu kimi mövzuların aydınlaşmasına yardımçı olacağına ümidvarıq.
Sonda qeyd etməliyəm ki, alınan müsahibələr müəllif tərəfindən müxtəlif yollarla araşdırılmış və düzgünlüyü mümkün qədər isbat olunmuşdur. Misal üçün, müsahibəni verən şəxsin kliniki ölüm anında dünyada yaşandığını iddia etdiyi bir sıra hadisələr həmin hadisəni real olaraq yaşayan şəxslərdən soruşularaq təsdiqlənmişdir. Kitabın İran İslam Respublikasının ən mötəbər nəşriyyatlarından biri olan “Maarif” nəşriyyatında çap olunması da əsərə xüsusi dəyər və etibar qazandırmışdır.
Kitabın yaşamınızda ciddi təsir qoyacağına, düşüncələrinizdə dərin iz buraxıb, fəaliyyətlərinizə yenidən baxmağınıza və həyatınızda böyük dəyişikliklərə səbəb olacağına inanırıq.
Ruhullah Novruzzadə
14.10.2021