Mənə ruhani deməyin!

Ruhani və ruhaniyyət mövzusu müsəlman bir cəmiyyət olaraq bizim üçün daim aktual mövzulardan biri olmuşdur.
Bağışlayan və mehriban Allahın adı ilə
Ruhani və ruhaniyyət mövzusu müsəlman bir cəmiyyət olaraq bizim üçün daim aktual mövzulardan biri olmuşdur. Xalqımız tarix boyu ruhanilərə xüsusi dəyər vermiş və onlara bacardıqları xidmətləri göstərmişlər. Ruhanilərimiz də milli və mənəvi dəyərlərimizin qorunmasında, islami dəyərlərin insanlara təbliğ olunmasında və onların maddi və mənəvi problemlərinin həllində müstəsna rola malik olmuşlar və günümüzdə də bunun üçün səylərini əsirgəmirlər.
Ruhani və ruhaniyyət mövzusu müsəlmanlar üçün nə qədər önəmli və dəyərlidirsə, islam düşmənlərinin də bir o qədər diqqət mərkəzində olmuşdur. Odur ki, onların mənfur əlləri bu mövzudan da yan keçməmiş və bacardıqları qədər ruhaniyyət mövzusunda təhriflərə şərait yaradaraq öz məqsəd və mənafeləri uğrunda istifadələr etmişlər. Hər bir cəmiyyətdə zaman keçdikcə müxtəlif deqradasiyalar müşahidə olunur. Düşmənlər bilərəkdən, dostlar isə sadəlövhlük və bilməməzlikdən cəmiyyətin müxtəlif sahələrdə tənəzzülə uğramasına səbəb olurlar. Qurani Kərimin də dəfələrlə vurğuladığı kimi, bəzi məsələlər dəyişikliyə və sui istifadələrə məruz qalmasın deyə insanlara tez tez xatırladılmalı və bununla da istismarın qarşısı alınmalıdır.
Məni bu mövzuda yazmağa məcbur edən amil isə qeyd olunan məsələlərlə bağlı cəmiyyətdə müşahidə etdiyim yanlış düşüncə və addımlar olmuşdur. Misal üçün cəmiyyətimiz, bir qədər Qum və ya Nəcəf elmi hövzəsində təhsil almış şəxsdən neçə il və ya hansı keyfiyyətlə dərs aldığını soruşmadan, ruhani libasından istifadə edən şəxs barədə ciddi araşdırma aparmadan, müəyyən arenalarda insanlara dini çatdıran şəxslərin söz və düşüncələrinin nə qədər düzgün olub olmadığını yoxlamadan onlara dərhal ruhani titulunu verməyə hazırdır. Bəlkə də yazının bu yerində ağlınıza “Nə olar ki? Qoy ruhanilərimizin sayı çox olsun”-deyə bir fikir gəlsin, lakin diqqətlə baxdığımız zaman bu işin bir neçə fəsadın yaranmasına şərait yaratdığının şahidi oluruq.
İlk öncə bunu demək lazımdır ki, layiq olmayan insana “ruhani”-deyə müraciət etmək hər şeydən əvvəl onun özünə xəyanət və zülmdür. Hədislərə əsasən, insanları həm dəyərlərindən artıq, həm də dəyərlərindən az qiymətləndirməyimizin hər ikisi zülm hesab olunur. Biz qarşımızdakını həddindən artıq dəyərləndirməklə onun özüylə bağlı düşüncələrinə mənfi təsir qoyur və öhdəsində və bacarıq dairəsində olmayan məsuliyyətləri ona yükləmiş oluruq. Digər tərəfdən isə, bir nəfərə sahib olmadığı ixtisas üzrə öhdəlik verməklə cəmiyyətə ən böyük zülmlərdən birini etmiş oluruq. Misal üçün, həkim olmayan birini həkim olaraq cəmiyyətə təqdim etdiyimiz zaman nələrin baş verdiyini yəqin ki, təxmin edə bilirsiniz. Ruhaninin cəmiyyətdəki təsirinin bir həkimdən qat qat çox olduğunu nəzərə alarsaq, bir şəxsə ruhani olmadan bu titulu verməyin nə qədər böyük yanlışlıq olduğunu bir daha anlamış olarıq.
"Bəs kimdir ruhani? Kimə “ruhani”-deyə müraciət edək? Bu suala Dr. Şəhid Beheştinin bir cümləsi ilə cavab vermək və üzərində bir qədər qalmaq istəyirəm:
“Ruhani yəni elmə və təqvaya, eyni zamanda cəmiyyətə nümunə olmaq qabiliyyətinə sahib olan insan”.
Şəhid Beheşti bu cümləsi ilə ruhaninin minimal özəlliklərini bəyan etmişdir:
1.Elm: Ruhaninin ilk və olmazsa olmaz özəlliyi onun elmidir. Ruhani dini düzgün anlamış və bunun üçün illərini qurban vermiş bir şəxsiyyət hesab olunur. Dinlə bağlı elmi səthi olan və dinin əqidə, əxlaq və əhkam elmini və onların bir biri ilə əlaqəsini köklü şəkildə mənimsəməyən şəxslər çox əxlaqlı və təqvalı olsalar da ruhani hesab edilməməli və din adından danışmamalıdırlar.
2.Təqva: Təbii ki, təqva bütün insanlarda olması zəruri olan bir özəllikdir, lakin bu özəllik ruhanidə özünü daha çox biruzə verməlidir. Ruhani haramdan qaçmaq və vəzifəsini düzgün təyin edib, layiqincə icra etmək qüdrətinə sahib olmalıdır. Təqvanın da xülasəsi məhz budur. Ruhani həm fərdi, həm ailə, həm də ictimai baxımdan təqvaya riayət edəndir.
3.Cəmiyyətə nümunə olmaq: Ruhani öz yaşayış tərzi ilə cəmiyyətə nümunə olmağı bacarmalıdır. Xüsusilə sıxıntılı və çətin anlarda öz reaksiya və addımları ilə cəmiyyət üçün kompas rolunu oynamalıdır. Bunu anlamaq üçün isə bir müddət həmin şəxs ilə ünsiyyət qurmalı və tanımalıyıq. Çünki insanlar içində nümunəvi şəxs kimi davranmaq nisbətən rahat bir işdir. Əsas məsələ xəlvətdə, ailədə və xüsusi dostlar içində davranışlarımıza diqqət edib, insanlara örnək olmaqdır.
4.Zöhd və dünyaya etinasızlıq: Hədisə əsasən, alimlər peyğəmbərlərin varisləridir. “Nüdbə” duasında peyğəmbərlərin Allah tərəfindən seçilmələriylə bağlı belə oxuyuruq: “Bu alçaq təbiətli dünyanın, onun bər bəzəkli zər zivərli dərəcələrində zöhdü onlar üçün şərt etdikdən, onların da bu şərti qəbul edib öz əhdlərinə vəfalı olduqlarını bildikdən sonra onları (peyğəmbərləri) qəbul və müqərrəb etdin”. Bu sözləri əsas götürərək deyə bilərik ki, ruhanilərin başqa özəlliklərindən biri də maddi rifah və yaşayış tərzlərində ümumi xalq kütlələrini nəzərə almaları və bu barədə onlardan özünü ayırmamalarıdır. Bəlkə də, bu məsələni yuxarıda qeyd olunan təqva və cəmiyyətə nümunə olmaq faktoru ilə də əlaqələndirmək olar.
Fikrimcə heç bir ixtisas sahibinə dərhal güvənməməli və onu müxtəlif yollarla sınaqdan keçirib, yoxladıqdan sonra özümüzü və cəmiyyətimizi onun ixtiyarına qoymalıyıq. Bu istər cismi sağlamlığımız barədə olsun, istərsə də ruhi sağlamlığımız. İstər bina tikərkən olsun, istər əkin əkərkən. Hər bir sahədə özünü mütəxəssis olaraq təqdim edən şəxslər hökmən sınanıldıqdan sonra müraciət ünvanına çevrilməlidir. Xüsusən də hazırki dövrümüzdə.
Sonda bunu da qeyd edim ki, mən özüm kimi təhsilini müxtəlif səbəblərə görə yarımçıq qoyan və dinin hansısa sahəsində ixtisasa sahiblənməyənlərə “ruhani”-deyə müraciət olunmasının və bu formada cəmiyyətə təqdim edilib, söz sahibi olaraq qələmə verilməsinin əleyhinəyəm. Fikrimcə bizə “tələbə” (elmin ardınca olan) deyilməsi həm özümüz, həm də cəmiyyətimiz üçün, həm dünyamız, həm də axirətimiz üçün daha münasib olar. Təbii ki, əgər o ada da layiqiksə. Belə olan halda həm biz öz yerimizi və həddmizi bilərik, həm də cəmiyyətin bizə nisbət öz vəzifəsini düzgün təyin etməsinə yardımçı olarıq.
Allah həqiqi ruhanimizin zühurunu tezləşdirsin!
Ruhullah Novruzzadə
30.08.2021